Əsas Səhifə > Şou-biznes > “Qız uşağının hünəri nə idi, rayon yerində səhnəyə çıxsın?”

“Qız uşağının hünəri nə idi, rayon yerində səhnəyə çıxsın?”


26-10-2023, 08:17
“Qız uşağının hünəri nə idi, rayon yerində səhnəyə çıxsın?”
“Səhnəyə çıxmağıma görə o qədər çətinliklər çəkmişəm ki. Hətta bir müddət bunu valideynlərimdən gizlətmişəm. Ağdam rayon yeri idi. Qız uşağının hünəri nə idi səhnəyə çıxsın? Mən aktrisa doğulmuşdum. Amma aktrisa yox, müğənni olmaq istəyirdim. 16 yaşımda Leyli rolunu oynamışam. O muğamları, qəzəlləri Heydər Şəmsizadə mənə öyrədib. Mən ömrümün sonuna qədər ona minnətdar olacağam. Arzum Bakıda böyük səhnələrə çıxmaq idi. Çünki mən o səhnə üçün yaranmamışdım. Ədil İskəndərov kimi böyük sənətkardan dərs almışam. AZDRAMA-da səhnəyə çıxmaq böyük arzum idi. Bəxtim elə gətirdi ki, Akademik Musiqili teatra gəldim. Burada da böyük rollar nəsibim oldu”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Həyatda balalarımla, doğmalarımla xoşbəxt olmuşam. Ümumiyyətlə mənim xoşbəxtliklərim də anlıq olub. Desəm ki, taleyimdən çox razıyam yalan olar. Taley bəzən üzümə gülüb, bəzən isə yox. Bir ona görə sevinirəm ki, öz adıma, atalarının adına layiq övlad böyütmüşəm. Həmişə dik gəzmişəm, heç kim hiss etməyib ki, mənim həyatımda nə baş verib! Səhhətimdə problemlər də olsa heç vaxt açıb deməmişəm” deyə xalq artisti bildirib.

Fatma Mahmudova bildirib ki, illər əvvə onu tamaşaçılara serial sevdirib.

“Elməddin Cəfərova, “Bacanaqlar” serialına çox borcluyam. Serial məni unudulmağa qoymadı. Məni tamaşaçılarıma qaytardı sanki. Teatr öz yerində, amma serial olmasaydı mən də yaddan çıxmış sənətkarların aqibətini yaşayacaqdım. Belə olsaydı gərək illər sonra üzə çıxıb deyərdim ki, mən filan tamaşada oynayan filan aktrisayam. Tamaşaçı da səni ya tanıyacaqdı, ya da ki, yox. Bu mənim üçün böyük faciə ola bilərdi” deyə aktrisa bildirib.

Sənətkar doğulduğu Ağdamdan da danışıb.
“30 ildən sonra iki il öncə Ağdama ayaq basdım. O qədər hönkürtü ilə ağladım ki. Mənim üçün çox çətin idi. Həm də ona görə çətin idi ki, Ağdama Tofiqsiz gedirdim. Tofiqin məzarını ziyarət edəndən sonra Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdim. Tofiqə göz aydınlığı verdim. Evimiz Ağdam teatrı ilə üzbəüz idi, ermənilər oranı elə dağıdıb ki, heç deməzsən ki, həmin yerdə nə vaxtsa 3 mərtəbəli bina olub. Bəlkə də çinar ağacı və teatrın sütunları olmasaydı evimizin yerini tapmayacaqdım” deyə sənətkar bildirib.

Geri qayıt