Əsas Səhifə > Şou-biznes > "Sənət dostlarımın heç birinə deməmişdim"

"Sənət dostlarımın heç birinə deməmişdim"


25-10-2023, 09:14
"Sənət dostlarımın heç birinə deməmişdim"
“Oğlumun toyunu rayonda etdim. Sənət dostlarımın heç birinə deməmişdim. Onları Bakıdakı toya dəvət edəcəm. Sağ olsunlar rayona yalnız qohumlarım və tələbələrim gəlmişdi. Övlad toyu hər bir ananın arzusudur. Hər zaman toylara gedəndə bəzənib-düzənirsən, amma insanın öz övladının toyunda keçirdiyi hiss-həyəcanlar bir başqadır. Həm böyük məsuliyyətdir, həm də həyəcan. Sevinclə-kədər bir-birinə qarışır. Allahdan arzu edirəm ki, sevincli, toylu-büsatlı günlərimiz çox olsun”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Simarə İmanova deyib. O daha sonra əlavə edib.

“Qaynana çox ağır sözdür. Filmdə Nəsibə xanım necə deyir? “Gəlin odur ki, yumurtanın ağını bu gün bişirə, sarısını sabaha saxlaya” (gülür). Yox mən elə qaynanalardan deyiləm. Oğlumu istəyirəmsə, gəlinimi də istəməliyəm. O mənim qızımdır. Bəzən soruşurlar ki, neçə övladın var? Deyirəm ki, ikisi var idi, biri də oldu. Təəccüblənirlər. Gəlinim də ailəmizə qatılırsa, o da mənim qızımdır da. Qızı yoldaşım da, mən də görüb bəyənmişdik. Hazırlaşırdıq ki, oğlumuza deyək, o bizi qabaqladı. Sən demə onlar da bizdən xəbərsiz bir-birlərini sevirmişlər. 4 ildir ki, nişanlı idilər. Toyu universitetə görə gecikdirdik. Şükür Allaha ikisi də universiteti bitirdi” deyə sənətkar bildirib.

Xalq artisti fəaliyyətindən də danışıb.

“Bilirsiniz ki, mən Mədəniyyət və İncəsənət universitetinin dosenti, həmçinin də Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Pedaqoji fəaliyyətlə məşğulam, tələbələr yetişdirirəm. Qarşıdan universitetimizin 100 illik yubileyi yaxınlaşır, ona hazırlaşırıq. Yeni layihələrimiz də var, inşallah ki, hamısını həyata keçirəcəyik” deyə sənətkar bildirib.

Geri qayıt