Əsas Səhifə > Şou-biznes > “Sevmədiyim şeirləri yaddaşımdan silirəm”

“Sevmədiyim şeirləri yaddaşımdan silirəm”


24-09-2023, 23:35
“Sevmədiyim şeirləri yaddaşımdan silirəm”
“Normalda yuxudan çox gec oyanıram. Səhər tezdən qapım döyülüb. Dostlarım, əzizlərim bu gün məni təbrik ediblər. Bu gün məni yatmağa qoymayıblar. Sağ olsunlar, onların hamısına öz təşəkkürümü bildirirəm. Bu bir diqqətdir, sayğıdır, hörmətdir”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, qiraətçi-aktrisa Əminə Yusifqızı deyib. O daha sonra əlavə edib.

“Düzdür, şairlərimiz var, Allah onların canını sağ etsin. Amma Hanı Müşfiq, hansı Fikrət Qoca, Bəxtiyar Vahabzadə?! Nəriman Həsənzadədən bir daha olmayacaq. Allah ona can sağlığı versin. Poeziya itib-gedir. O vaxt radioya şeir gətirirdilər ki, mən baxım. Deyirdim ki, yox filan sətir xoşuma gəlmir. Özüm də düzəliş edirdim. Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirinin sonuncu bəndini demirdim. Şeksprin sonetlərini mən oxumuşam. Sevmədiyim, istəmədiyim şeiri yaddaşımdan silirəm” deyə o bildirib.

Sənətkar bildirib ki, hər zaman şeir dediyi üçün yaddaşı da güclüdür.

“Şeirləri bir neçə dəfə oxuyuram, yadımda qalır. Heç vaxt oturub şeir əzbərləmirəm. Yaddaşım güclüdür. Nömrələrimi heç vaxt telefona yazmamışam, beynimdə saxlamışam. Nadir hallarda efirlərə gedirəm. Düzdür, çox dəvətlər alıram, amma getmirəm. Bilirəm ki, səhər efirdəyəm, gecədən şeirləri yadıma salıram, təkrar edirəm. Şeirin bir sözü yadımdan çıxır, onu mən yadıma salmayana qədər yatmıram” deyə sənətkar bildirib.

Xalq artisti Fransız dilində oxuduğu şeirlərdən də danışıb.

“Fransada “Dədə Qorqud” dastanından həm oğulun, həm də atanın dialoqunu oxuyurdum. Birinci öz dilimizdə oxudum, sonra Fransızca. Mən gecə-gündüz onları əzbərlədim. Fizulinin “Ey həkim” qəzəlini Fransız dilində səsləndirdim. Səhnədən düşəndən sonra foyeyə keçdim. Gəlib mənimlə Fransız dilində danışırdılar. Elə bilirdilər ki, mən Fransızam. Çünki o qəzəli öz Fransız aktyorları oxuya bilmirdilər” deyə sənətkar bildirib.
Geri qayıt