Əsas Səhifə > Şou-biznes > “Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”

“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”


17-09-2023, 09:35
“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”
“Bəzi insanlar var ki, cismən aramızdan ayrılsalar da, ruhən mənən, səs olaraq daim yaşayırlar. Yaqub Zurufçu da o insanlardandır. Nə qədər ki, Azərbaycan musiqisi var olacaq, Yaqub Zurufçu sənəti də yaşayacaq. Yaqub bəyin həyat yoldaşı olmaqdan və onu sevməkdən şərəf duyuram. Bəzən dost-tanış təəccüblə deyir ki, siz sədaqətlisiniz. Mən də onlara təəccüblənirəm. Başqa cür ola da bilməzdi. Bizim aramızda bir vəfa, etibar var idi. Yaqub bəy çox ağıllı insan olaraq kimi seçdiyinin də fərqində idi. O bilirdi ki, mən onu çox-çox sevirəm”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib. O daha sonra əlavə edib.

“Bəzi hisslər var ki, çox alidir, ülvidir. Heç bir qüvvə o hissi sizin ürəyinizdən çıxara bilmir. Mənim Yaqub bəyə olan hisslərim o mənim yanımda olanda necə idisə, indi də o cürdür. Mən hər an onu yanımda hiss edirəm. Toxuna bilməsəm də, qoxlaya bilməsəm də ruhən hiss edirəm. Çalışıram Atillaya da kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım. Necə ki, Yaqub bəy evdə idi, Atilla böyüyürdüsə, çalışıram ki, o cür davam edim. Mən əlimdən gələni edirəm ki, Atilla kimin övladı olduğunu bütün varlığı ilə hiss etsin. Gələcəkdə atdığı hər addımda da bu məsuliyyəti özü-özündə duysun” deyə xanımı bildirib.

Aynur Zurufçu deyir ki, Yaqub bəy musiqidən əlavə siyasətlə də maraqlanıb.

“Mən ona müğənni də, musiqiçi deyə bilmirəm, o bu məvhumlardan da çox geniş anlamda böyük bir şəxsiyyətdir. Vətənini çox sevən, böyük Azərbaycançı, siyasəti musiqi dili ilə çatdıran şəxsiyyət idi. Mən ikinci belə bir sənətçi tanımıram ki, siyasəti musiqi dili ilə insanlara çatdırsın. Yaqub bəy deyirdi ki, mən əgər müğənni olmasaydım siyasətçi olardım. Bu insanın xəmiri siyasətlə yoğrulmuşdu” deyə sənətkarın xanımı bildirib.
Geri qayıt