Əsas Səhifə > Şou-biznes > "Adam da övladını satıb pul qazanar?"

"Adam da övladını satıb pul qazanar?"


8-09-2023, 07:09
"Adam da övladını satıb pul qazanar?"
“6-cı sinifdən gündəlik yazmağa başlamışam. O zaman məktəbə gedəndə duyğulandım və yaşadıqlarımı dəftərə qeyd etməyə başladı. Orada ilk əvvəllər öz həyatımı, bacı qardaşlarım haqda yazırdım. Sonra həyatımla bağlı hər şeyi yazmağa başladım. Məktəbi bitirib Bakıya gəldim. 4 illik tələbəlik həyatımda da bir gündəlik yazmağa başladım. Bu gündəliyim və bir də muğam dəftərim itdi. Gündəliyim itəndə sarsıldım, özümü çox pis hiss etdim. Hətta ustadım Nəriman Əliyev deyirdi ki, ay qızım burada nə var? Yenidən bərpa edərsən. Bərpa da etdim, ağlımda olanları yeni gündəliyə köçürdüm. Amma yenisini yazmadım”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib. Sənətkar bildirib ki, dedi-qodudan uzaq olsa da, bəzən onun dedi-qodusunu edənlərin də şahidi olub. Müğənni klip çəkilişi zamanı yaşadığı hadisəni bizimlə bölüşüb.

“Balaxanıda “Mənə bax” klipinin çəkilişində hündürdaban ayaqqabı geyinmişdim. Bilirsiniz ki, klipin rejissoru Nail Naiboğlu idi. Hündürdaban ayaqqabılarla yeriyirdim. Bir də gördüm ki, iki xanım keçib məni dərindən süzdü. Bir-birinə baxıb dedilər ki, nə vacibdir hündür ayaqqabını geyinib, zülmlə gəzir. Biz də klipdə dedi-qodu edən qadınlar axtarırdıq. Dedim ki, Nail sən niyə adam axtarırsan, bunları gətir çəkəkdə (gülür)” deyə xalq artisti bildirib.

Sənətkar tələbələrindən də danışıb.

“Müəllim tələbə üçün ikinci bir valideyndir. Sinifdə nəinki tələbələrimə muğamı aşılayıram, həm də onların davranışına, nitq və səhnə mədəniyyətinə də qarışıram. Ustadlarımızdan nələr görmüşüksə, hamısını bizə necə aşılayıblarsa biz də onlara öyrədirik. Onlar da sağ olsunlar hər yerdə mənim üzümü ağ edirlər” deyə xalq artisti bildirib.

Gülyaz Məmmədova xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanı da xatırlayıb.

“Şəfiqə xanımla ilk tanışlığım 1990-cı ildə filarmoniyadakı konsertdən sonra olub. Mahnını oxuyub gedəndə gördüm ki, qolumdan bir əl tutdu. Dedi ki, qızım, ayaq saxla, sən Gülyaz deyilsən? Dedim ki, bəli. Dedi ki, mən bəstəkar Şəfiqə Axundovayam, tanıyırsan məni? Dedim ki, “Nədən oldu?” mahnısını yazan xanım? Sevinə-sevinə dedi ki, mənim mahnımı İbrahim Tatlısəs də oxuyub. Dedi ki, gələrsən bizə sənə mahnı verəcəm. Çox böyük qürur və fəxr hissi keçirdim. Şəfiqə xanımın 15-ə yaxın mahnısını oxudum. O heç vaxt mahnı satıb pul qazanmayıb. Deyirdi ki, mahnılar övladlarımdır, adam da övladını satıb, pul qazanar?” deyə sənətkar bildirib.

Geri qayıt