Əsas Səhifə > Şou-biznes > “Nəsibə xanım mənim üçün heç kimə ağız açmayıb”

“Nəsibə xanım mənim üçün heç kimə ağız açmayıb”


4-09-2023, 07:00
“Nəsibə xanım mənim üçün heç kimə ağız açmayıb”
“Türkiyədə olan aktyor təhsili sistemi əzbərçilik üzərində qurulub. Azərbaycanda da əksik olan çox şeylər var. 25 ildən çoxdur ki, Türkiyədə aktyor sənəti imtahanlarını qəbul edirəm. İllər əvvəl bir azərbaycanlı tələbə də sənədlərini vermişdi. Tələbələrim mənə zəng edib dedi ki, hocam təbrik edirik, bir azərbaycanlı tələbə qız sənədlərini verib. Çox sevindim. Üstündən 15-20 gün keçdi, gördüm ki, mənə bir zəng gəldi. Həmin qız idi. Dedi ki, mən Azərbaycandan gəlmişəm, görün neynirsiz? O özünü mənə tapşırırdı. Dedim ki, qızım, sən gəlməsən daha yaxşı olar. Bu tapşırıqları tərgitsək hər şey yaxşı olar. Mənə Azərbaycandakı universitetlərdən birindən də təklif olunmuşdu ki, imtahanları aparım. Razılaşmadım. Çünki bilirəm ki, deyəcəklər ki, bu filankəsin adamıdır. Tapşırıqla sənət olmur”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. O daha sonra əlavə edib.

“Elə sənətlər var ki, ora müdaxilə etmək olmaz. Sənətimizin keyfiyyətini istedadsız insanları ora dürtməklə aşağıya salmayaq. O insanlar ki, tapşırıqla aktyor sənətinə daxil olur, onlar sonradan da tapşırıqla teatrda işə düzəlirlər. O illərin sənətkarları üçün heç kim zəng edib, tapşırıq verib, xahiş etməmişdi. Mənim üçün də universitetə daxil olanda Nəsibə xanım kimdənsə xahiş etməmişdi. Ona görə də indi Azərbaycanda o boşluqlar yaranıb” deyə sənətkar bildirib.

Xalq artisti Türkiyəyə getməsinin səbəblərindən də danışıb.

“Türkiyəyə getməyimin əsas səbəbi Nəsibə xanımın dərmanlarını almaq idi. Maddi vəziyyətimiz yaxşı deyildi. Mən getməyə də bilərdim, amma vəziyyət həqiqətən də çətin idi. Çünki 1990-cı illərdə Azərbaycanda qarışıqlıq idi, sənət, sənətkar yada düşmürdü. Azərbaycan bu gün qüdrətli dövlətdir, inkişaf edib. Əslində həmişəlik getməyəcəkdim, sadəcə olaraq elə alındı ki, mənə təklif gəldi və orada yaşamağa başladım. Adanada yaşayıram, özümü evimdəki kimi hiss edirəm. Adananı mən Bakıya bənzədirəm” deyə sənətkar bildirib.
Geri qayıt