Əsas Səhifə > Şou-biznes > “Xınanı bilənlər də yaxır, bilməyənlər də, əsas sənətdir”

“Xınanı bilənlər də yaxır, bilməyənlər də, əsas sənətdir”


31-07-2023, 10:11
“Xınanı bilənlər də yaxır, bilməyənlər də, əsas sənətdir”
“Mənim əsas işim yaradıcılıqdır, teatrdır, sənətdir. Xına ola da bilər, olmaya da bilər. Çünki xınanı bilən də, bilməyən də xına yaxır. Amma teatr, yaradıcılıq həmişə var. Allahıma şükürlər edirəm ki, nə yaxşı ki, balaca sənətim var. Mən özümə böyük sənətkar deyə bilmərəm. Qoy onu xalq, tamaşaçılar desin”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Bütün gənc rejissorlara uğurlar arzu edirəm. Allah onların hər bir işini avand etsin. Bizi yada salsalar da, salmasalar da. Hələ ki, gözümüz görür, qulağımız eşidir, inanıram ki, bizlərdən də istifadə edəcəklər. Bəzən deyirlər ki, aktyor plastilinə bənzəyir, rejissor onu hansı formada düzəltsə, o formada da qalır. İstedadı olmayan aktyor üçün rejissor nə etsin?! Əgər sənin istedadın varsa rejissor səni yoğura bilər. Yoxdursa rejissor səni necə aktyor etsin?! Rejissorun da hövsələsi, səbri olmalıdır. Əgər rejissorun səbri yoxdursa, o rejissor deyil” deyə sənətkar bildirib.

Xalq artisti onu tamaşaçılara sevdirən “Bankir adaxlı” tamaşasından da danışıb.

“Komik rollarım çox olub. Tamaşaçılar da məni dəyərləndirib. “Bankir adaxlı” tamaşası və tamaşadakı rolum məni tamaşaçılara sevdirdi. Orada bilirsiniz ki, molla rolunu oynayıram. Bu molla rusdillidir. Bəzən mənə irad tuturlar ki, niyə tamaşada rus dilində danışırsan? Onlar başa düşmürlər ki, bu obraz belə yazılıb” deyə aktrisa bildirib.

Fatma Mahmudova bildirib ki, insanları güldürmək çətinləşib.

“Elə bir zamanda yaşayırıq ki, insanları güldürmək də çətindir. Çünki hamının problemi var. Dərdli adamlar çoxdur. Mən özümə xoşbəxt insan deyirəm ki, bütün xalq məni sevir. Sevilirəmsə o mənim üçün böyük xoşbəxtlikdir. Mənim də problemlərim var. Amma üzə çıxarmıram. Xalqa təbəssüm, gülüş bəxş etmək istəyirəm. Elə bir insan yoxdur ki, küçədə məni görəndə dodağı qaçmasın. Məni daha çox səsimdən tanıyırlar” deyə xalq artisti bildirib.

Geri qayıt