Əsas Səhifə > Şou-biznes > “Elə qadınları “Tik Tok”da blok edin”

“Elə qadınları “Tik Tok”da blok edin”


27-07-2023, 09:38
“Elə qadınları “Tik Tok”da blok edin”
“Tik Tok” sosial şəbəkə platformasında məşhurlaşan bəzi blogerlərin milli dəyərlərə zidd paylaşımları, əxlaqsızlığı təbliğ etmələri ciddi narazılıq yaradıb. “Əfi” və “Renka” niki ilə tanınan blogerlərin gecə saatlarında canlı yayım zamanı qadın alveri ilə bağlı danışıqları, “Ramin Yeraz” adlı blogerin unitazda oturaraq canlı yayım açması müzakirələrə səbəb olub. Müzakirələr zamanı sözügedən blogerlərin məsuliyyətə cəlb edilmələri, “Tik Tok”a nəzarətin gücləndirilməsi təklif olunur.

DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu belə deyib: “Görüntülərə baxdım. Dəlixanadır. Mən də hərdən “Tik Tok”a baxıram. Yaxşı paylaşımlar da var. Amma bu, açıq-aşkar qadınların alveridir. Dəhşətdir! “Tik Tok” açıq şəbəkədir, şikayət edilsə, deyəcəklər ki, istəmirsinizsə, baxmayın. Düşünürəm, daha çox ziyalı təbəqənin “Tik Tok”dan istifadə etməsinə çalışmalıyıq ki, bu sosial platformanın istiqamətini dəyişsinlər. Alverçi qadınları, tualetdə gic-gic canlı açan kişiləri boykot etsinlər. Nə qədər çox adam onları blok etsə, çıxıb canlıda heç nə edə bilməzlər. İstəsək də, “Tik Tok”u bağlamaq olmaz, dünya bizə gülər. Sadəcə, zərərsizləşdirməliyik. Məsələn, yaponlar, koreyalılar “Tik Tok”da öz mətbəxlərini təbliğ edirlər. Bizimkilər də Azərbaycanın milli mətbəxini təbliğ edə bilərlər. Ziyalılar öz sözlərini deməli, ailə, namus, Azərbaycanın milli adət-ənənələri məsələsini qaldırmalıdırlar. Professorlar girib “Tik Tok”da ailə dəyərlərindən danışsınlar. Köhnə dövrlərdə nümunə olan xanımlarımızı, rayonları, orada çalışan zəhmətkeş xanımlarımızı göstərsinlər. “Tik Tok”da bunu edə bilərik. Cəmiyyət dəyişsə, “Tik Tok”u da dəyişə bilərik. Tanınmışların çoxu deyir ki, “Tik Tok” dəlixanadır, ora girmək olmur. Qadın alverinə qarşı çox işlər görmüşük. İndi isə baxıram ki, “Tik Tok”da tam qadın alveri gedir, qiyməti deyirlər... Dəhşətdir! Demirlər ki, namus harda, kişi harda? Namuslu oğlanlarımız çoxdur, elələrini blok etsinlər”.

N.Cəfəroğlu deyib ki, hüquq-mühafizə orqanları “Tik Tok”da insan alveri ilə məşğul olanları nəzarətə götürə, xəbərdarlıq edə bilər: “Bəli, bu məsələyə qarışa bilərlər. Birinci dəfə həbs yox, böyük cərimələr qoya bilərlər. Görək cərimədən sonra yenə elə şeylərlə canlıya çıxa biləcəklər?”

Geri qayıt