Əsas Səhifə > Şou-biznes > “Sevmədiyim adamla ailə həyatı qurmaqdansa, ömür boyu subay qalardım”

“Sevmədiyim adamla ailə həyatı qurmaqdansa, ömür boyu subay qalardım”


21-07-2023, 06:52
“Sevmədiyim adamla ailə həyatı qurmaqdansa, ömür boyu subay qalardım”
“İzdivacımız tam sevgi üzərində qurulub. Əvvəl biz bir-birimizə hörmət etmişik, sonra başlamışıq sevməyə. Bundan sonra artıq evlilik təklifi edib. Hər zaman belə düşünmüşəm ki, insan sevmədiyi adamla ilə həyatı qurmaqdansa, ömür boyu subay qalsa ondan yaxşıdır. Mənim fikrimdə həmişə bu olub. Bəlkə də ona görə bu vaxta qədər subay qalmışdım. Nişanlım utancaqdır, ona görə də üzünü göstərmirəm. Çoxları nişanlımın üzünü göstərmədiyim üçün səbəbləri bilmir. Neqativ düşüncələrə son qoymaq üçün istədim ki, açıqlama verim. Üzünü gizlətməyim onun istəyi ilə oldu. Çünki o şou-biznes sferasına öyrəncəli deyil. Dedi ki, toya qədər öyrəşərəm. Hər ikimiz subayıq, heç vaxt ailə həyatı qurmamışıq. Bu evlilik hər ikimizin həyatında ilk olacaq”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevinc Musayeva deyib. O daha sonra əlavə edib.

“Hər ikimiz sadə insanlarıq. Həqiqətən də insan ürəyində necə arzulayırsa, kainat da həmin arzunu reallaşdırır. Kainatın qanunları var. Mən bir neçə il efirlərə çox az çıxdım. Onsuz da efirləri seçib gedirəm. Bir az evdə oturub kainatın qanunlarını öyrəndim. Bizdə indi-indi kainatın qanunlarını öyrənməyə çalışırlar. Bilirsiniz də, Azərbaycanda hamı özünü psixoloq, astroloq sayır. Kainatın qanunlarından həqiqətən də Azərbaycan kütləsinin xəbəri yoxdur. Kainatın birinci qanunu budur ki, insan nə arzulayırsa, kainat da onu həmin şəxsə verir. Sadəcə insanlar onu düzgün anlayıb, riayət etmir. Həmişə insan yaxşı şeylər düşünməlidir, arzulamalıdır. Nəinki özünə, hər kəsə. Uşaqlıqdan bunu hiss edirdim, bilirdim. Həmişə istəmişəm ki, sevgi üzərində ailə həyatı qurum, hər iki tərəfin valideynlərinin razılığı olsun.

Çox insan olub ki, mənimlə ailə həyatı qurmaq istəyib. Ya mən razılıq verməmişəm, ya da qarşı tərəfin valideynləri razılaşmayıb. Yaxud da oğlanda yalan tutmuşam, ona görə də ailə həyatı qurmaqdan imtina etmişəm. Birinci mərhələdə hörmət olmalıdır, ikinci mərhələdə sevgi başlamalıdır, üçüncü mərhələdə isə artıq ailə həyatı qurulmalıdır. İnsanların çoxu deyir ki, sevib ailə qurmuşuq. Sonradan bu sevgi gözdən düşür, nifrətə, ayrılığa çevrilir. Münasibətlər mütləq dediyim ardıcıllıqla getməlidir” deyə müğənni bildirib.

Sevinc Musayeva nişanlısı ilə tanışlıq tarixçəsini də bizimlə bölüşüb.

“3 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Həmin dəqiqə “hə” demədim. Demək olar ki, iki ildən sonra “hə” dedim. O da bunu çox normal qarşıladı, dedi ki, mən bilirdim ki, sən o dəqiqə “hə”deməyəcəksən, gözlədiyim kimi də oldu. Biz əslində bir-birimizlə dost kimi danışmağa başlamışıq. Bilirsiniz ki, pandemiya vaxtı dibçəklər hazırlayırdım. O da floristdir. Ona əl işlərim maraqlı gəlirdi. Mən 1 ay floristika üzrə master klasa onun yanına getdim. 16 yaşından florist işləyir. Ailəcanlıdır. Sıradan bir yerdə işləmir, tanınmış gül mağazalarında işləyib. Deyərdim ki, Bakıda 7 ən güclü florist varsa, onun biri mənim nişanlımdır (gülür). Kənarda heç bir biznesi-falan, evi yoxdur. Normal, bizim kimi sadə ailədir, orta təbəqənin adamıdır. Atasından qalma bir sadə evi var. Biz hətta həri edəndə belə düşünmədik ki, dəbdəbəli nəsə edək, nəsə bahalı bir geyim seçək. O da çox sadə, səliqəli geyindi, mən də. İkimizin də düşüncəsi, fikirlərimiz eynidir. Ən əsası çox zəhmətkeşdir. Kişi onda kişi olur ki, gündə bir manat da olsa qazanıb, ailəsinə gətirsin. Kişilər də var ki, evdə oturublar, anası, bacısı, yoldaşı işləyir. O da fikirləşir ki, nə vaxt yaxşı bir iş taparamsa, gedib işləyərəm. Kişi hər bir işə başını qoşa bilər.

Ən çox sevdiyim xüsusiyyətlərindən biri də sosial şəbəkələrdən uzaq olmasıdır. Həm vaxtı yoxdur, həm də marağı. Mənim ailə həyatı qurmaq üçün öncədən düşündüyüm kriteriyalara çox uyğundur. Öz işi ilə məşğul olur. Heç kimin işində, uğurunda gözü yoxdur. “Hə” cavabını öz ad günümə saxlamışdım. Düşündüm ki, onsuz da razılaşmışam, elə ad günümdə ona deyim. O da istəyir ki, toyumuz tez olsun. Bir az maddi problemlər var, bir az da vaxt baxımından çatdıra bilmirik. Toyu yəqin ki, Məhərrəm ayından sonraya saxlayacağıq. Səhər saat 8-dən axşam 8-ə qədər işdə olur. Bir ayda 3 dəfə istirahət günü olur. Belə qərara gəlmişik ki, onun istirahət günlərində toyla bağlı bütün tədarüklərimizi görək, şadlıq sarayı, nişan üzüklərini və s. şeyləri seçək. İnşallah, hər birimiz üçün xeyirlisi olsun. Məni təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm” deyə müğənni bildirib.
Geri qayıt