Əsas Səhifə > Şou-biznes > "Elə mahnılarımız var ki, illərlə yatır qalır"

"Elə mahnılarımız var ki, illərlə yatır qalır"


10-07-2023, 00:24
"Elə mahnılarımız var ki, illərlə yatır qalır"
Artıq bir müddətdir ki, hamı xalq artisti Röya Ayxanın “14/41” albomundan və albomdakı mahnılardan danışır. Bu mahnılar hər yerdə dinlənilir, sevilir və müğənniyə böyük uğur gətirməkdə davam edir. Onu xatırladaq ki, hələ müğənninin “14/41” albomu işıq üzü gördüyü həftə Qırğızıstanın “Apple Music Daily Top 200 Album” çartında 5-ci pilləyə qədər yüksəlib. Bundan başqa Türkiyənin günlük ən çox dinlənilən “Apple Music Daily Top 200 Album” çartına 193-cü pillədən daxil olub. Albomun ən çox səs gətirən mahnısı isə “Onun xəstəsiyəm” dir.

DİA.AZ bildirir ki, moderator.az mahnının müəllifi, şair-bəstəkar Xanım İsmayılqızından mahnı ilə bağlı fikirlərini öyrənib. O bildirib ki, mahnı fevral ayında yazılıb.

“Təxminən fevralın sonuna yaxın, ikinci yarısında. Söz və musiqi eyni anda yaranıb. Mən bu mahnını məhz Röyanı nəzərdə tutub yazmışdım. Çünki danışığımız olmuşdu, o ritmik mahnı istəmişdi. Mahnını ona mart ayının sonlarında təqdim etmişəm. Fikir verin, qəribə taleyli mahnılar olur da. Elə mahnılarımız var ki, illərlə yatır qalır. Hətta bəstəkarın özündə qalır, heç kimə təqdim edə bilmir. Belə deyim də, bəxti açılmır. Və yaxud da təqdim edirsən, müğənni ifa edir, üzə çıxardır, amma yenə də o uğurlu taleyini yaşamır. Yaxud da müğənninin arxivində yatıb qalır. Belə hallar çox olur. Amma bu mahnını uğurlu mahnılarım siyahısına əlavə edirəm. Mahnı qısa müddətdə, 2 ay yarıma hazır oldu. İfa olundu, Röyanın diskinə daxil edildi. Təqdim olunmağıyla da sevildi. Bu cür ajiotaj çox nadir hallarda bizim yaradıcılığımızda olur. Bu da xüsusi seçilən, çox uğurlu tale yaşayan mahnılardan oldu. Burada müğənninin da böyük rolu var. Mən Röyanın səsini çoxdan bəyənmişəm. O sehrli səsi ilə mahnıya işıq qatdı. Onun sevənləri də çoxdur. İfa da, aranjiman da gözəl alınıb, söz və musiqi də ora gəlib birləşib, bir yerdə ürəklərə yol tapan bir nəğmə yaranıb. Taleh Ağayev bu mahnını gözəl aranjiman edib. Aranjiman da mahnının uğurunda çox önəmli bir rol oynayır. Arzu edirəm ki, ürəklərdə yaşasın, ömrü uzun olsun” deyə xanım bəstəkar deyib.

Xanım İsmayılqızı bildirib ki, bu Röya ilə ilk işbirliyi deyil:

“Təxminin 2001-2002-ci illər idi. Mən Röyaya bir mahnı təqdim etmişdim. Adı da “Evimi yıxma” idi. Onun da sözü və musiqisi mənə aid idi. O mahnı 1-2 dəfə efirdə oxundu və qaldı. Belə hallar da olur. Röya ilə uzun illərdən sonra bir araya gəldik. Bu illər ərzində mənim də istəyim olub onunla işləmək, onun da istəyi olub mənimlə işləsin. Görünür ki, qismət bu günə imiş. Məhz bu il “Onun xəstəsiyəm” adlı uğurlu iş araya-ərsəyə gəldi. İnanıram ki, bu mahnı həm mənim, həm də Röyanın yaradıcılığına işıq saldı. Bu mahnı ilə sevənlərimizi sevindirə bildik. Mahnının uğuru çox şeydən asılıdır. Söz, musiqi, aranjiman.. Bir də vaxtına düşməyi. Bəlkə də 3 ay əvvəl, 3 il əvvəl, 1 il sonra bu mahnı yaransaydı, ifa olunsaydı necə olardı onu deyə bilmərəm. Amma çox vaxtında, zamanında oxundu. Mahnı ritmikdir, yay vaxtı da insanlar bir az ritmik mahnı istəyir, nikbin əhval-ruhiyyəyə köklənmək istəyirlər. Röya o ifaçılardandır ki, musiqinin hissini, sözün fikrini və hər ikisinin birgə dərinliyini öz ürəyindən, hisslərindən keçirib, səsi ilə öz sevənlərinə, dinləyicilərinə çatdırır. Məncə onun bu qədər sevilməsinin, yaradıcılığının uğuru budur ki, səsində ecazkarlıq, füsunkarlıq, dərinlik var. Onun səsi möcüzəvi səsdir” deyə Xanım İsmayılqızı bildirib.
Geri qayıt