Əsas Səhifə > Şou-biznes > “Efirdə çox bayağı mövzular danışıb adını sərbəstlik qoymaq olmaz”

“Efirdə çox bayağı mövzular danışıb adını sərbəstlik qoymaq olmaz”


25-06-2023, 09:12
“Efirdə çox bayağı mövzular danışıb adını sərbəstlik qoymaq olmaz”
“Dərs dediyim Milli Konservatoriyada tələbələrimə təkcə xanəndəlik sənətini öyrətmirəm. Onların oxuduqları repertuar, geyimləri də, danışıq qabiliyyətləri də bir müəllim kimi mənim üçün çox önəmlidir. Hər şeyi efirdə danışmaq olmaz. Bizə milyonlarla insanlar baxır. Mənə elə gəlir ki, çərçivə gözəl şeydir. Mədəniyyət işçisi kimi tamaşaçılara mədəniyyəti aşılamaq lazımdır. Tamaşaçı sənin ifandan, muğamından zövq almalıdır. Elə addım atmaq lazımdır ki, tamaşaçı sənin geyimini, danışığını müzakirə etməsin, ifanı sevsin, ifandan danışsın. Mənim üçün bu şərtlər önəmlidir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib.

“İfaçı o vaxt tamaşaçılar tərəfindən qəbul olunur ki, həm danışığına, həm də zahiri görünüşünə diqqət edir. Bəzən efirlərdə çox bayağı mövzular danışırlar. Tamaşaçı kimi onları izləyərkən bu məni də incidir. Mətbəxdə olan şeylər efirə çıxarılmamalıdır. Bəzən bunun adını sərbəstlik qoyurlar”, - deyə sənətkar bildirib.

Sənətkar Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdikləri layihədən də danışıb.

“Çox işləyən bir sənətçiyəm. Xoşlayıram ki, mahnılarımla, konsertlərimlə, kliplərimlə gündəmə gəlim. Evdə oturub kiminsə sifarişini gözləyən biri deyiləm. Təklif öncə məndən gəlməlidir. Hər sənətkarın öz yolu olmalıdır, öyrənməlidir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev “Küçələrə su səpmişəm” mahnısını çox sevirdi və sevə-sevə də ifa edirdi. Dövlət Xəzər Dəniz Gəmiçiliyindən mənə 100 illiklə bağlı bu layihəyə dəvət gəldi. Heydər Əliyev və Zərifə Əliyeva gəmiləri Xəzərdə yan-yana gətirildi, mən də bu mahnını öz ansamblımla birgə ifa etdim. Bu işdə əməklə bərabər, sevgi də var idi. Bütün heyətə öz təşəkkürümü bildirirəm. Ulu öndərimizin adına layiq bir işdir. Sevə-sevə bu layihəni etdik. Başda Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyi olmaqla, bu layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm. Ulu öndərimizlə mən ilk dəfə 1990-cı ilin əvvəllərində Naxçıvanda görüşmüşəm. Bizi öz kabinetində çox böyük hörmət və diqqətlə qarşılamışdı. O andan mənim sənət kariyeramda böyük bir yol açıldı. Heç kimə sirr deyil ki, o bölgələrdən istedadlı uşaqları paytaxtda gətirib, dövlət hesabına təhsil almağı tapşırmışdı. Onun sayəsində bir çox böyük sənətkarlar yetişdi”, - deyə sənətkar bildirib.

Xalq artisti uzun illər oynadığı Leyli obrazından da danışıb.

“Teatrda ilk rolum “Leyli və Məcnun” tamaşasında Leyli olub. Bir rolun üzərində 7-8 ay çalışırdıq. İlk tərəf müqabilim xalq artisti Mənsum İbrahimov idi. Həmişə deyirdim ki, müəyyən yaşdan sonra teatrdan gedəcəm. Dedim də, etdim də. Öz xarakterimdən çox xoşum gəlir. Sənətdə dedi-qodu da çox olur, insanın qarşısına sədd də çəkirlər. Həmişə çalışmışam ki, gənc nəslə, ələxsus da qadın ifaçılara dəstək olum. Allaha yalvarıram ki, mənim içimdən paxıllığı, sevgisini əskik etməsin. Ona görə də qəlbimdə tamaşaçıya qarşı da, insanlara qarşı da böyük sevgi var”, - deyə sənətkar bildirib.

Geri qayıt