Əsas Səhifə > Şou-biznes > “Yaxınlaşmağa qorxurlar ki, Ayselin istəkləri çoxdur, daşıya bilmərik”

“Yaxınlaşmağa qorxurlar ki, Ayselin istəkləri çoxdur, daşıya bilmərik”


15-06-2023, 09:55
“Yaxınlaşmağa qorxurlar ki, Ayselin istəkləri çoxdur, daşıya bilmərik”
Aktrisa-aparıcı Aysel Nazim Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

-Aysel xanım, səhv etmirəmsə artıq 3 ildir Türkiyədə yaşayırsınız. Fəaliyyətiniz orada nədir?

-Bəli, hal-hazırda İstanbulda yaşayıram. “Zen yapım” film şirkətində icraçı direktor vəzifəsində çalışıram. Bundan əlavə başqa şirkətlərdən gələn film, serial təkliflərini də dəyərləndirirəm. Orada da iştirak edirəm, bəyəndiyim rolları oynayıram. Fəaliyyətimi həm aparıcı, həm də aktrisa kimi davam etdirirəm. Hal-hazırda “Şou” tv-nin “Ekonomi dünyası” verilişinin aparıcısıyam. Menecerim də Cem Gülaçdır. Türkiyənin ən önəmli menecerlərindən biri ilə çalışıram.

-Azərbaycandan qardaş Türkiyəyə köçüb, orada fəaliyyət göstərməyiniz nə ilə əlaqədardır? Buradakı sənət mühiti sizi yordu?

-Bu neçə illər Türkiyədən çox təkliflər olurdu, müxtəlif layihələrdə-filmlərdə, kliplərdə, festivallarda, Azərbaycan-Türkiyə ortaq layihələrində aparıcı qismində iştirak edirdim. Bir sözlə təkliflər hər zaman var idi. Pandemiya zamanı qərar verdim ki, mən Türkiyəyə getməliyəm. Əslində kaşki çoxdan getmiş olardım. Bu neçə ili ərtələmiş oldum.Yaxşı ki, getdim. Çünki insanın hədəfləri hər gün bir az daha böyüyür. Öz ölkəmdə həm aparıcı, həm də aktrisa kimi edəcəyim hər bir şeyi etmişəm. Önəmli tədbirlərin təşkilatçılığını etdim, maraqlı işlər gördüm. Amma daha da irəliyə getmək lazımdır. Niyyətim gələcəkdə Hollivuda getməkdir. Çünki insanın niyyəti, məqsədi daha yüksəkdə olmaqdır. Hədəflər günbəgün daha da çoxalır. Türkiyəyə köçəndən 10 gün sonra “Çat kapı” verilişini apardım. 3 il bundan əvvəl. O da çox gözəl izləndi. Sonra aktrisa kimi fəaliyyətimi davam etdirdim. Yeni mövsümdən inşallah maqazin verilişinin aparıcılığını edəcəm. Mən yaradıcı insanam, sənətin hər sahəsini sevirəm. Bilirsiniz ki, Türkiyə bazarı bütün dünyaya açılan bazardır. Türk filmini, serialını dünyanın hər yerində izləyirlər. İstəyirəm ki, məni bütün dünyada izləyib, tanısınlar. Ona görə də Türkiyəni seçdim. Orada əvvəllər də yaşamışam. Bizdə xoşuma gəlməyən bir çox hallar oldu. Maaş az idi, bundan əlavə də müəyyən layihələrdə tapşırıqlar olurdu. Kimlərsə tapşırıldı, bizə “gözlə” dedilər. Bu gözləməklər də məni yordu. Yaradıcı insan gözləməyi sevmir, o daim fəaliyyət göstərmək istəyir. Mənə “gözlə” deyib, layihəmi oğurlayanlar da çox oldu. Açığı bir az ürəyim qırıldı, Azərbaycanda davam etmək istəmədim. Qonaq kimi öz ölkəmə gəlib-gedib, verilişlərdə iştirak edirəm. Gələcəkdə Azərbaycanla ortaq bir proqram etməyi də düşünürəm.

-Dostluq əlaqələriniz qalıb?

-Əlbəttə, dostluq əlaqələrim yerli-yerindədir. Azərbaycana hər dəfə gələndə verilişlərə qonaq dəvət edirlər. Mən də çox böyük məmnuniyyətlə, sevərək qatılıram. Türkiyədə yaşasam da Azərbaycanlıyam. Bəzən layihələrdən də dəvət gəlir, amma geri qayıtmmaq istəməzdim. Geriyə uduzmuş olanlar qayıdırlar. Mən uduzmağı sevmirəm.
-Məncə Türkiyədə yaşayan azərbaycanlılar bir-birlərinə bir o qədər də dəstək olmurlar. Siz necə düşünürsünüz?
-Çox doğru qeyd edirsiniz. Çox sənətçilər var ki, illərdir oradadır, ama heç kimə dəstək olmurlar. Onlar yəqin fikirləşirlər ki, “eh, mənə nə?”, qısqanırlar, böyük eqo ilə yaşayırlar. Yoxsa ki, insan insana niyə kömək etməsin ki? Kimsə gəlib yanıma, ofisdə məni ziyarət edirsə, ona mütləq köməklik göstərirəm. Hal-hazırda bizim bir aktrisamız var ki, onu başqa bir yapım şirkəti ilə tanış etdim. İndi Türkiyədə serialda çəkilir. Mən buna vəsilə oldum, nə xoş mənə. Baxıram ki, serialdan, setdən fotolar paylaşır. Mən də çox sevinirəm. İllər öncə də azərbaycanlı bir müğənnini Almaniyada yaşayan bir aranjmançı ilə tanış etmişdim, o da ona mahnı verib, klip çəkib, onu gözəl piyar etmişdi. O hamıya təşəkkür etdi, amma mənə bir quru sağ ol da demədi. Bu layihənin ortaya çıxmasına səbəb mən idim, onların heç qızdan xəbərləri yox idi. Bu hadisədən sonra öz-özümə dedim ki, bir də yaxşılıq etməyəcəm. Sonra özümlə bacarmadım. Eybi yoxdur, insanlar bilməsə də Allah bilsin.

-Bilirəm ki, tək övlad böyüdürsünüz, onun qayğısını çəkirsiniz. Təkbaşına bütün bunları etmək sizə çətin deyil?

-Düzdür, tək oğul böyüdürəm. Amma tək deməzdim, ailəm-atam, anam, qardaşım mənə çox böyük dəstək olurlar. Onların əməyi əsla ödənilməzdir. Onlar olmasaydı mənə çox çətin olardı. Onların sayəsində ayaqdayam, oğlumu gözəl böyüdürəm, onu diqqətdən kənar qoymuruq. Oğlum Bülbül adına orta ixtisas məktəbində pianist təhsili alır. O da artıq gələcəyin sənətçisi kimi yetişir. Baxıram, qürurlanıb, fərəhlənirəm. Maşallah olsun. Oğlum Türkiyə vətəndaşıdır, amma ailəmlə bərabər Azərbaycanda yaşayır. Bülbül adına orta ixtisas məktəbindən məzun olmağını istəyirik. Gələcəkdə zatən xarici ölkələrə gedəcək. Artıq 8-ci sinfə keçdi.

-Yenidən ailə həyatı qurmaq istərdinizmi? Evlilik təklifləri olur?

-Evlilik təklifləri əvvəl daha çox olurdu. Qohumlardan da, tanıdığım insanlardan da elçi düşənlər var idi. İndi əvvəlki qədər çox deyil. İnsanlar bəlkə də yaxınlaşmağa qorxurlar, çəkinirlər. Çünki mən özüm artıq min dənə kişiyə dəyərəm. Gücümlə, bacarığımla, etdiklərimlə. Bəlkə də qorxub çəkinirlər ki, biz Ayseli daşıya bilmərik, çox böyük istəkləri olar. Müəyyən təkliflər hələ də aktualdır, var. Hələ ki, belə bir şey düşünmürəm. Mənim üçün sevgi hər şeydən önəmlidir. Əgər bunu ürəyimdə hiss etsəm, ailə həyatı quracam. Ailə gözəldir, müqəddəsdir. Mən zaman istəyirdim ki, gözəl, örnək bir ailəm olsun, amma qismət olmadı. Örnək bir ana, sənətçi oldum. Demək ki, mənim də qismətimdə bu varmış. Mən xərçəng bürcüyəm, bu bürc altında doğulan qadınlar daha həssas olur. Dünyanın ən yaxşı anaları və qadınları məhz xərçəng bürcü altında doğulurlar.


Geri qayıt