Əsas Səhifə > Şou-biznes > “Yerdə bardaş qurub oturmaq planda yox idi, stul yox idi, bardaş qurduq”

“Yerdə bardaş qurub oturmaq planda yox idi, stul yox idi, bardaş qurduq”


27-05-2023, 10:15
“Yerdə bardaş qurub oturmaq planda yox idi, stul yox idi, bardaş qurduq”
“Tələbələrim deməzdim ki, çoxdur. Məndən də çox onlara qızım dərs deyir. Mən də ara-sıra vaxt olanda, xarici ölkələrdə olmayanda dərslərdə iştirak edirəm. Mənim aləmimdə əsas odur ki, hansısa ustada baxıb, onun kimi oxuyub, ondan nələrsə götürəsən. Şükür Allaha, arxivim, külliyatım, disklərim, televiziya verilişlərim var. Onlara baxıb öyrənmək də olar. Baxıb öyrənənlər də az deyil. Vacib deyil ki, mənimlə üzbəüz oturub öyrənsinlər. Mənə sual verirlər ki, “niyə musiqi məktəbi yaratmırsınız?”. Onsuz da yolumu davam etdirənlər az deyil. Onlar oxuyanda hiss edirəm ki, mənim, yaxud da digər sənətkarların sənətindən bəhrələniblər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, ustad sənətkar Alim Qasımov deyib. Xalq artisti “Xarıbülbül” festivalında iştirakının sevincini də bizimlə bölüşüb.

“Torpaqlarımız işğaldan azad ediləndən sonra, artıq 3-cü dəfədir ki, Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilir. Şuşada iştirak etmək çox məsuliyyətlidir. Orada iştirak edəndə böyük qürur və sevinc hissi yaşadım. Cıdır düzündə ifa etmək insanı həqiqətən də qürurlandırır. Kövrəlməyə bilmirsən, elə hey istəyirsən ki, oxuyasan. Bu da ilahidən gələn bir vergidir. Natiq Şirinovla səhnəni bölüşdük. Çox gözəl təəssüratlarım var. Şuşa çox gözəldir. Bizə bu qalibiyyəti yaşadanları heç vaxt unutmuruq. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə sənətkar bildirib.

Xalq artisti adını daşıyan nəvəsindən də danışıb.

“Alim adlı nəvəm var. 6 yaxud 7 yaşın içindədir. Mən oxuyanda bəzən o da təkrarlayır. İnşallah ki, davamçım olacaq. Bu sənətdə məni ötüb keçə də bilər. Nə qədər ömrüm varsa onun xanəndə kimi yetişməsinə dəstək olacağam. Allah özü yol açsın. İndidən hiss olunur ki, səsi var, amma böyüyəndə necə olacağını bilmirəm. Çox enerjili uşaqdır. Ümumiyyətlə nəvələrimin əksəriyyətinin gözəl səsi var. Zaman-zaman oxuyurlar, onları dinləyirsiniz. Fərqanə xanımın övladlarında gözəl səs var. İndi bilmirəm onlara məndən keçib, ya Fərqanədən” deyə sənətkar bildirib.

Ustad sənətkar yerdə bardaş qurub oxumağını belə izah edib.

“Mən bunu öncədən planlaşdırmamışam. Plan sözü mənə yaddır. Belçikada konsertdə idik. Gördüm ki, səhnəyə stul qoyulmayıb. Biz adətən öyrəşmişik ki, məşqi də, oxumağı da stulda oturub edək. Sən neçə saat ayaqüstə məşq edə bilməzsən, yorularsan. Stul istədik, onlar da gətirənə qədər biz yerdə oturduq. Bu çox xoşumuza gəldi. Həmin konserti oturan yerdə verdik. Bundan sonra bardaş qurub oxuduq. Bu da bir yenilikdir” deyə sənətkar bildirib.

Geri qayıt