Əsas Səhifə > Şou-biznes > “Heydər Əliyev evində süfrə açıb, Qara Qarayevlə Fikrət Əmirovu barışdırmışdı...”

“Heydər Əliyev evində süfrə açıb, Qara Qarayevlə Fikrət Əmirovu barışdırmışdı...”


10-05-2023, 09:21
“Heydər Əliyev evində süfrə açıb, Qara Qarayevlə Fikrət Əmirovu barışdırmışdı...”
“Mən çox şanslı və xoşbəxt insanam ki, ümummilli lider Heydər Əliyevlə görüşmək şansım olub. Mən Lissabondan müsabiqədən qayıdarkən maestro Niyazi bizi evində tanış etmişdi. Bu 1968-ci il idi. Mənim 20 yaşım var idi. “Ulu öndər və sənət adamları” mövzusunu həqiqətən də saatlarla danışmaq olar. O hər şeyi çox gözəl, dəqiq bilirdi. Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun arasında bir az soyuqluq var idi. O öz evində süfrə açırdı, onları dəvət edirdi, barışdırmaq istəyirdi. Çalışırdı ki, onların arasında soyuqluq olmasın. İstəyirdi ki, sözün əsl mənasında rəqabət olsun, amma düşmənçilik olmasın”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Professor ümummilli liderlə görüşlərini də xatırlayıb.

“Mənim yadımdadır, 1995-ci ildə Üzeyir Hacıbəylinin 110 illiyi idi. Ulu öndər Üzeyir bəy haqda 1 saat məruzə oxudu. Kağızsız, heç bir köməkçi vasitələr olmadan. Vallah, bizdə çox nadir hallarda musiqişünaslar belə çıxış edə bilərdilər. Üzeyir bəy haqda 1 saat danışmaq çətin məsələdir. Hər dəfə xarici ölkələrə gedəndə o bizi dəvət edirdi və biz də o səfər çərçivəsində konsert proqramları verirdik. Onun məqsədi bizi dünya ölkələrinə aparıb, konsert verməklə bağlı deyildi. O istəyirdi ki, bütün dünya bilsin ki, bizim necə musiqiçilərimiz, sənətkarlarımız var. O həqiqətən də bizlərlə fəxr edirdi. Almaniyada onunla birlikdə səfərdə idik. Səfirimiz dedi ki, “gəlin ancaq Azərbaycan bəstəkarlarının mahnılarını ifa edin”. Mən də razılaşdım. Öz-özümə dedim ki, onsuz da Almaniyada Betxoveni ifa edirlər də. Konsert verdik, çox uğurla da keçdi. Konsertdən sonra ulu öndər Heydər Əliyev məni çağırıb dedi ki, “siz niyə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib, nahaq yerə Betxovenin, Motsartın əsərlərini ifa etmədiniz”. Dedi ki, “siz sübut edə bilərdiniz ki, Almanlardan da yaxşı Betxovenin əsərlərini ifa edirsiniz”. Bu kimin ağlına gələ bilərdi? Hər bir mövzuya akademik yanaşırdı. O hər bir sahədə söhbətə hazır idi. Ulu öndər Beynəlxalq arenada Azərbaycanı tanıda biləcək istedadlı, gənc yaradıcı insanları da daim dəstəkləyirdi. Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, eləcə də mən onun daim diqqət mərkəzində idik. 24 yaşım olanda mənə “əməkdar artist” fəxri adını verdi. Bu mənim kimi bir gənc üçün çox unudulmaz hadisə idi. Yadımdadır, lap çətin illər idi. Təxminən 1994-1995-ci illər. Ulu öndər Bakı Musiqi Akademiyasına gəlib, cavan laureatlarla görüşdü. Aclıq idi, çətin vəziyyət yaranmışdı. Bizim professorlarımızın əksəriyyəti Türkiyədə çalışmağa getmişdi. Çünki maaş az idi. Heydər Əliyev vaxt tapıb tələbələrlə görüşdü, ürək-dirək verdi. 2 musiqi aləti almışdıq. İndi biz musiqi alətləri ala bilirik, amma 1994-cü ildə vəziyyət çox pis idi. Min illər keçəcək, amma onun kimi öndər yer üzünə, hətta deyərdim ki, kainata gəlməyəcək” deyə sənətkar bildirib.

Geri qayıt