Əsas Səhifə > Şou-biznes > “Biri deyir burnumu, biri deyir ki, oramı-buramı kəsdirmişəm, əməliyyatları ilə rəqabət aparırlar”

“Biri deyir burnumu, biri deyir ki, oramı-buramı kəsdirmişəm, əməliyyatları ilə rəqabət aparırlar”


2-05-2023, 06:34
“Biri deyir burnumu, biri deyir ki, oramı-buramı kəsdirmişəm, əməliyyatları ilə rəqabət aparırlar”

“Müğənni həmkarlarımın bəziləri çox lazımsız hərəkətlər edirlər. Vallah mən onlara həmkarlarım deməyə utanıram. Bir-birlərini gözləri götürmür, onun sözü bunun boğazından keçmir. Onlar bədbaxt, yazıqdırlar. Hələ də özlərini tapmayıblar. Özünü tapan, nə istədiyini bilən insanlar heç vaxt bunu etməzlər. Səslə yox, estetik, kobud əməliyyatları ilə rəqabət aparırlar. Hamı bir-birinə oxşayır. Radioda eşidirsən ki, müğənni oxuyur, səsi 100 müğənninin səsinə bənzəyir. Səsləri də eynidir, səs aparatı vasitəsilə düzəldirlər. Öz üslubları, tərzləri yoxdur. Çalışırlar ki, kimlərisə yamsılasınlar. Bəzən o dediyim müğənnilərlə bir məclislərə düşürəm. İstər-istəməz bir yerdə oluruq. Söhbətləri ancaq plastik əməliyyatdır. O deyir ki, burnumu kəsdirmişəm, bu deyir ki, başqa yerimi. Sənətlə yox, özləri ilə məşğuldurlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Səidə Dadaşova deyib.

“Dünya ulduzu, mənim də çox sevdiyim Maykıl Cekson öz mahnılarını yazdıranda onu psixoloqlara, həkimlərə, və s. sənət sahiblərinə dinlətdirib, daha sonra ortaya çıxarırdı. Bu hələ dünya ulduzudur. Bunu o edirsə, biz kimik ki? Bizim cılız müğənnilər, müğənniciklər onun yanında heç kimdir! Mən mahnılarımı ilk əvvəl atama dinlədərdim. Aslan Hüseynova dinlətdirərdim. İndi onları həyat yoldaşım əvəz edir. Onun da musiqidən başı çıxır. Müğənni güvəndiyi insanla gərək məsləhətləşsin. Zövqlər müxtəlifdir. Mənim zövqümə qalsaydı başqa mahnılar ifa edərdim. Biz insanlar üçün çalışırıq. Müğənnilər çalışır ki, trenddə qalsınlar. Əsas trend yox, ürəklərdə, yaddaşlarda qalmaqdır” deyə müğənni bildirib.

Müğənni atası, xalq artisti Rafael Dadaşovdan da danışıb.

“Məni atam həmişə belə mərd, sözü üzə deyən, haqqı tələb edən biri kimi görmək istəyirdi. Yaxşı ki, onun istədiyi kimi övlad oldum. Atamın çoxlu şeirləri var. Çox istərdim ki, onları kitab halında çap edim. Tək əldən səs çıxmır. İnanıram ki, mənə dəstək olacaqlar. Atam özü getdi, amma ona qarşı olan böyük sevgi hələ də yaşayır. Yazdığı şeirləri bəzən gizlədirdi. Mən gedib baxmaq istəyirdim. Deyirdi ki, “qızım, onlara dəymə, o mənim özəlimdir”. İlhamə Quliyeva, Manana, Lalə Məmmədova və s. müğənnilər atamın yazdığı mahnıları ifa ediblər” deyə müğənni bildirib.
Geri qayıt