Əsas Səhifə > Şou-biznes > “İki gündür efirə çıxıb, özünə sənətkar yox, böyük sənətkar deyir, təlxəklik, şitlik edir...”

“İki gündür efirə çıxıb, özünə sənətkar yox, böyük sənətkar deyir, təlxəklik, şitlik edir...”


25-04-2023, 00:14
“İki gündür efirə çıxıb, özünə sənətkar yox, böyük sənətkar deyir, təlxəklik, şitlik edir...”
“İllərdir sənətdəyəm, teatr və kino sahəsindəyəm, amma özümə sənətkar demirəm. Qoy onu xalq, insanlar desinlər. Əgər layiqəmsə o qiyməti mənə xalq verəcək. İki gündür efirə çıxır, deyir ki, “mən sənətkaram”. Özü də elə-belə sənətkar yox, böyük sənətkar. Mən həmişə demişəm ki, adi aktrisayam. Komediya ilə təlxəkliyi, şitliklə yumoru səhv salıblar. Yaxşı gənclərimiz var, amma təlxəklər daha çoxdur. Biri var, sənətinlə insanı güldürəsən, biri də var ki, onlara təbii gülüş bəxş edəsən. Soruşursan ki, “Nəyə gülürsən?”. Deyir ki, “filanləs təlxəklik edir, mən də gülürəm”. Gülüş də normasında olmalıdır ki, insanlar, tamaşaçılar bezməsin. Xalq səni qoy ürəkdən sevsin, dediklərinə ürəkdən gülsün. Bu gülüş bilirsiniz nəyə oxşayır? Biri var sən ürəkdən kiminsə danışdığına güləsən, biri də var ki, səni yerə yıxıl qıdıqlasınlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktrisası Fatma Mahmudova deyib.

“Bəzən də görürsən ki, kimisə yamsılayırlar. Ondansa götür elə parodiya et, de ki, filankəsi yamsılayıram. Yamsılayıb, ad çəkməmək doğru deyil. Öz dəst-xəttin olmalıdır. Məni də bu gün yamsılayanlar az deyil. Əlbəttə ki, onlar heç vaxt mən ola bilməzlər. Bu gün durub deyə bilmərəm ki, mən Nəsibə Zeynalovayam. Xeyr, mən özüm kimi olmalıyam” deyə aktrisa bildirib.

Xalq artisti oynadığı bəzi rollara görə peşman olduğunu dilə gətirib.

“Bəzən elə rollarım olub ki, çəkildiyimə görə peşiman olmuşam. Təbii ki, bunu maddiyatı nəzərə alıb getmişəm. Maddiyata görə olub. Sonra da özümü qınayıram ki, mən niyə getdim? Gərək borc edərdim, amma gedib o rolda çəkilməzdim. Heç kimin haqqı yoxdur ki, sənətkarın illərdir zərrə-zərrə yığdığı hörməti ayaqlar altına atsın. Artıq özümə qadağa qoymuşam, ehtiyacım olsa belə gedib o cür rollarda çəkilmərəm” deyə xalq artisti bildirib.

Fatma Mahmudova xalq artisti Amaliya Pənahova ilə bağlı da etiraf edib.

“Amaliya xanım Pənahovaya Allah rəhmət etsin. Onu həqiqətən də çox sevmişəm. O qədər ondan xoşum gəlirdi ki, Ağdamdan qatara minib, gəlib onun tamaşasına baxıb, geri qayıdırdım. Mən də 12 yaşımda səhnəyə çıxmışam. O vaxtlar özüm də professional teatrda çalışırdım. Ona böyük sevgim, hörmətim var idi. Ümumiyyətlə, sənətdə dəstək, dostluq yaxşı şeydir” deyə sənətkar bildirib.
Geri qayıt