Əsas Səhifə > Şou-biznes > "Xan" onu mədəniyyət tariximizdən silmək istəyirdi...

"Xan" onu mədəniyyət tariximizdən silmək istəyirdi...


27-03-2023, 08:53
"Xan" onu mədəniyyət tariximizdən silmək istəyirdi...
Bu gün dəyərli ziyalımız, Azərbaycanın xalq artisti, Naxçıvanda “xan” rejiminin yıxılmasında heç kimin cəsarət edə bilmədiyi qətiyyəti göstərən və Vasif Talıbova hələ hakimiyyətdəykən qalıb gələn Həsən Ağasoyun ad günüdür.
Mən dəyərli dostumu ad günü münasibətilə təbrik edir, ona can sağlığı və peşəsində daha böyük uğurlar arzulayıram.
Qeyd edim ki, mən Həsən müəllimi hələ uşaqlığımdan tanıyıram. Məhəlləmiz Naxçıvan Musiqili Dram Teatrının yaxınlığında yerləşdiyindən tez-tez o həndəvərlərdə oynayardıq. Həsən müəllim isə o zaman gənc bir aktyor idi. Öz nəzakəti və milli düşüncələri ilə seçilir, diqqətimizi cəlb edirdi. O zaman da Həsən müəllim Hüseyn Cavid vurğunu idi və bizdə böyük şairə məhəbbəti Həsən müəllim və onun kimi ziyalılar yaratmışdı.
Daha sonra tale bizi milli-azadlıq hərəkatında görüşdürdü. Həsən müəllim digər yerli ziyalılardan daha aktiv şəkildə milli azadlıq aşiqlərinin tədbirlərində yer alırdı. Sərhəd hərəkatı zamanı Araz qırağında söylədiyi vətənpərvər şeirlər biz gəncləri riqqətə gətirir, hər cür fədakarlığa həvəsləndirirdi. Odur ki, Həsən müəllimin Naxçıvanda yaşaya-yaşaya Vasif Talıbov rejiminin özbaşınalığına qarşı mübarizəyə atılmasını görəndə təəccüblənmədim. Xalq artistinə bacardığım ölçüdə informasiya dəstəyi verməyi özümün borcu saydım və onun pozulan hüquqları uğrunda mübarizəyə qoşuldum. Sirr deyil ki, Vasif Talıbovu taxtından laxladan əsas amillərdən biri də Həsən Ağasoya qarşı etdiyi haqsızlıq və xalq artistinin bu haqsızlığa qarşı qətiyyətli mübarizəsi idi. Həsən Ağasoy bu qətiyyətli mübarizəsi ilə Vasif Talıbovun nə qədər barbar olduğunu bütün respublikaya göstərdi. Naxçıvanı tərk etmədən apardığı mübarizəsi ilə “xan”ın 27 il ərzində özü barədə yaratdığı qüdrətli hökmdar mifini bir ilin ərzində darmadağın etdi. Bu mənada Həsən bəyin “xanlıq” rejiminə apardığı mübarizə heç kimin bu yolda göstərdiyi fədakarlıqla müqayisə oluna bilməz.
Mən müasir tariximizə ziyası ilə topdağıtmaz səltənəti yıxan xalq artisti kimi düşən Həsən bəyi bir daha ad günü münasibəti ilə təbrik edirəm.

Heydər OĞUZ - DİA.AZ

Geri qayıt