Əsas Səhifə > Şou-biznes > “Sinəsi, qolu açıq-saçıq geyinib tamaşaçının diqqətini yayındırmaq olmaz”

“Sinəsi, qolu açıq-saçıq geyinib tamaşaçının diqqətini yayındırmaq olmaz”


31-01-2023, 10:57
“Sinəsi, qolu açıq-saçıq geyinib tamaşaçının diqqətini yayındırmaq olmaz”
“Həftədə 1 dəfə doğma kanalımın radiosuna gedib-gəlirəm. Rafiq Həşimov bizi dəvət edir, o bizimlə bir yerdə işləyib. O elə istəyir ki, mən nağılları oxuyum, onları qızıl fondda saxlasın. Artıq veriliş aparmağa gücüm qalmayıb. Mənə elə gəlir ki, üzülərəm, yorularam. Bu gün radioda diktor kimi veriliş aparsam özümü orada özgə sayaram. Çünki həmkarlarımın çoxu dünyasını dəyişib, onları radioda görmək istəyərəm. Hər otağımda 1 televizor var. Radioya da qulaq asıram. Televizor və pişiklərsiz günüm yoxdur”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib.

“82 yaşım var, yaşımı gizlətmirəm. Bu vaxta kimi hələ bir dəfə də olsun plastik əməliyat etdirməmişəm. İndi baxırsan görürsən ki, üzünü dartdırır, yanaqlarını doldurur. Bəzən insanları tanımıram, deyirəm ki, görəsən bu odur? Bu niyə özünü bu günə qoyub?! Niyə plastik əməliyyat etdirirlər, heç özləri də bilmirlər. Plastik əməliyyatı bir halda etdirmək olar ki, üzündəki qüsurları ört-basdır edirsən. Özü də plastik əməliyyata qaçanların əksəriyyəti gənclərdir. Gənc yaşda üzlərini, gözlərini korlayırlar. İnsan xaricən yox, daxilən dəyişməlidir” deyə sənətkar deyib.

Ofeliya Sənani insanların ona münasibətindən də danışıb.

“İçərişəhərdəki evimi satıb köçdüm. Ondan sonra mənim şəhərdə 3-4 evim oldu. Sonralar başa düşdüm ki, saraylarda da yaşasam İçərişəhərdəki bərəkəti heç yerdə tapmayacam. Mən orada çox xoşbəxt idim. Əhali orada elə mehriban idi ki. Hamı biri-birinə kömək edirdi. Biri görürdü ki, çörək almağa gedirəm, işə də tələsirəm. Deyirdilər ki, get hazırlaş, biz gedib alarıq. Həddindən artıq mehriban idilər, qiymət verirdilər. Hamının da niyyəti saf idi. 1968-ci il idi, o vaxt “Dağlarda döyüş” filmi ekranlara yeni çıxmışdı. Həmişə olduğu kimi yolda yeriyirdim. Bir uşaqla anası gedirdi. Uşaq sən demə məni tanıyıb, istəyir ki, anası da dönüb baxsın, anası heç arxaya baxmır. Qəfildən ana dönüb mənə tərəf baxdı, dedi ki, “qurban olum ay Ofeliya xanım, bağışlayın, uşaq məndən ağıllı imiş, uşaq sizi tanıyıb, məni də dartır ki, sən də bax”. Küçədə gedirsən, hər kəs ayaq saxlayır, səni salamlayır. Kim salamlaşırsa mən dayanıb söhbət edirəm, hal-əhval tuturam. Bir də görürsən ki, hara qədər gedib çıxmışam. Yenidən geriyə qayıdıram. Bunlar çox gözəl hisslərdir” deyə diktor bildirib.

Xalq artisti müasir aparıcılardan da danışıb.

“Açıq-saçıq, bərli-bəzəkli geyinərək tamaşaçıların diqqətini yayındırırlar. Olmaz! Aparıcını eşidirsən, amma həm də eşitmirsən. Çünki ona qulaq asmırsan, geyiminə baxırsan. Qolu, sinəsi açıq geyinmək olmaz! Xəbər aparıcısı ümumiyyətlə qapalı geyinməlidir. Biz yayın günündə pencəklə efirə çıxırdıq, studiyada heç kondisioner də yox idi” deyə diktor bildirib.

Geri qayıt