Əsas Səhifə > Şou-biznes > “Bütün umu-küsüləri kənara qoyub, kino ittifaqlarını birləşdirmək lazımdır”

“Bütün umu-küsüləri kənara qoyub, kino ittifaqlarını birləşdirmək lazımdır”


28-01-2023, 09:02
“Bütün umu-küsüləri kənara qoyub, kino ittifaqlarını birləşdirmək lazımdır”
“Bu məsələlər kollektiv çərçivəsində baş verib. Bu barədə ətraflı məlumata sahib deyiləm. Həmin səbəbdən heç bir münasibət göstərə bilmirəm. Onlar başqa qurumdur, biz başqa qurum”.

DİA.AZ-ın məlumatına görə, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (AKİ), Xalq artisti Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında (ARKİ) baş verən prosesləri şərh edərkən deyib.

Xatırladaq ki, ARKİ-də iddia edilən sədr seçkisinə etiraz fonunda yenidən ittifaqların birləşməsi məsələsi gündəmə gəlib. Rasim Balayev bildirib ki, bu məsələdə mövqeyi olduğu kimi qalır: “Hər sənət sahəsinin bir təşkilatı fəaliyyət göstərir - Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı və digərləri. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını vaxtilə yaradanlar artıq səhnədə deyillər. Təbii ki, bir ittifaq olmalıdır. Bunu da səlahiyyətli adamlar həll etməlidirlər. Bu, hansı formada baş tutacaq, yenidən seçki keçiriləcəkmi? Bu sualların cavabını mən bilmirəm. Mən onu bilirəm ki, ölkədə bir kinematoqrafçılar ittifaqı olmalıdır. Balaca bir ölkədə iki ittifaqın olması ağlasığmaz məsələdir”.

DİA.AZ-ın məlumatına görə, Xalq artisti, kinorejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında bildirib: “Bir kinostudiyası olan ölkədə iki kino ittifaqına nə ehtiyac var? Bu ittifaqlar hansı şəraitdə, hansı məqsədlə yaradılıb, bunun üzərindən artıq illər keçib, ona görə də bu məsələni gəlin qatlayıb qoyaq kənara. Hamımız birləşək və qayda-qanunla qurultay çağırıb, kimi istəyiriksə onu da sədr seçək, bitsin. Gəlmişəm televiziya kanalına, məndən soruşurlar ki, "siz də ittifaqdan istefa vermisiniz? Axı mən necə istefa verə bilərəm? Cəmil Quliyevin də ittifaqdan istefa verməsi ilə bağlı yayılan xəbərlər ağ yalandır, şantajdır, növbəti provokasiyadır. Mən kino adamıyam, ittifaqdan çıxıb hara gedə bilərəm? Kino mənim evimdir. İttifaqdakı bəziləri getməlidir, amma getmir, illərdir qalıblar orada. Şəfiqə Məmmədova üçün ayıb deyil?! Nə görüb, yapışıb oradan, məlum deyil".

Şeyx Əbdül Mahmudov daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevə səslənib: “Mənim Rasim Balayevə hörmətim əvvəlki kimidir. Ona səslənirəm ki, Rasim müəllim, gəlin kino xətrinə birləşək, birlikdə qurultay keçirək, sədr seçək. Bildirim ki, Şəfiqə Məmmədova, sadəcə, 5 il qayda-qanunla sədr seçilib, çalışıb. Digər illərdə isə onlar orada qeyri-legitim olaraq işləyiblər. Buna görə də onların hamısı aldıqları maaşı dövlətə qaytarmalıdırlar. Hansı haqla orada oturublar? Kimə güvənirlər?”

“Əgər qurultay keçirilirsə, kimin sədr seçilməsini istəyərdiniz” sualımıza xalq artisti bu cür cavab verib:

“Kino ittifaqı kino xadimlərinindir. Kino xadimlərinin də rəhbəri tarixən rejissorlardır və bütün dünyada belədir. Ona görə də istərdim ki, sədr olaraq ya Cəmil Quliyev, ya da Ayaz Salayev, Elxan Cəfərov, Vaqif Mustafayev seçilsin. Şəfiqə xanım icazə versin ki, biz artıq bizdən gənc olanları önə çıxaraq, kino ilə bağlı dərdimizi, problemlərimizi onlara deyək”.

Əməkdar incəsənət xadimi Ayaz Salayev isə kino ittifaqlarının birləşməsi ilə bağlı məsələyə bu cür münasibət bildirib: “Bilmirəm. Ümumiyyətlə, belə şeylərə əhəmiyyət vermirəm. Əgər qurum (ARKİ) bağlanarsa, həyatımda heç nə dəyişməyəcək”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ Xalq artisti Şəfiqə Məmmədova isə bütün bu olanlara susqunluq nümayiş etdirir, zənglərə cavab vermir.

Qeyd edək ki, ötən ilin dekabrında ARKİ-də nizamnaməyə uyğun olaraq növbəti ümumi yığıncaq keçirildiyi barədə qurumdan mediaya məlumat daxil olmuşdu. Bildirilirdi ki, Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib, ittifaqın idarə heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra idarə heyəti üzvləri arasından 9 nəfərdən ibarət katiblik seçilib. Bu, həm kino ictimaiyyətinin, həm də ittifaqın üzvləri arasında ciddi narazılığa səbəb oldu. Üzvlər kiçik tərkiblə keçirilən iclası qanuni hesab etmədilər.

Rasim Balayevin təklifi gerçəkləşə bilərmi? Ölkədə tutaq ki, vahid Yazıçılar Birliyi kimi, vahid Kinematoqrafçılar ittifaqı da olacaqmı?

DİA.AZ-ın məlumatına görə, Xalq artisti Afaq Bəşirqızı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əvvəla, qeyd edim ki, bütün bu qalmaqallar, məsələlərlə bağlı Şəfiqə xanımın çox ağır stress keçirdiyini eşitdim. Bütün bu mübahisəli məsələlərin hamısı qurban olsun Şəfiqə xanımın sağlamlığına. Ona görə də hər zaman deyirəm ki, sənətkar ya səhnədə, ya da efirdə ölməlidir. Sənətkara hansısa "stol-stul", “kreslo” lazım deyil. Şəfiqə xanıma cansağlığı arzulayıram.

O ki qaldı iki kino ittifaqının birləşməsinə, əlbəttə, birlik tamam başqa şeydir. Bu dəqiqə bizdə müharibə, şəxsiyyətlərimiz, tariximiz haqqında film çəkilməsinə çox böyük ehtiyac var. Amma biz hələ də mübahisə edirik ki, bu ya da digər ittifaq olsun və sairə. Buna görə də düşünürəm ki, milli kinomuz, kino mədəniyyətimiz üçün bu birlik lazımdır".

Rasim Balayevin sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə qeyd edib: “Bütün umu-küsüləri, şəxsi düşüncələri bir kənara qoyub, bu kino ittifaqlarını birləşdirmək lazımdır. Əlbəttə ki, Şəfiqə xanım bizim böyük sənətkarımız, gözəl aktrisamızdır. Amma hamı bilir ki, o kino ittifaqı (ARKİ - red.) necə yaranıb. Zamanında kimlərsə Rüstəm İbrahimbəyovun ittifaqını parçalamaq üçün bu ittifaqı yaratmışdı. Amma qeyd etdiyim kimi, artıq bu söz güləşdirmələrini bir yana qoyub, vaxtilə Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını bərpa etmək, birləşdirmək lazımdır. Əlbəttə ki, bunun ümumi kino düşüncəmizə böyük faydası dəyə bilər. Çünki heç kim ayrı-ayrılıqda xüsusi bir şey yarada bilmir. Şəfiqə xanımın rəhbərlik etdiyi kino ittifaqında da kinoya xidmət etmiş çox dəyərli insanlar var. Onlar birinci nəcib addım atmalı, enerjilər, düşüncələr birləşməlidir”.

Geri qayıt