Əsas Səhifə > Şou-biznes > “Dedi ki, ağlamasan, səni qovacam, mənə o qədər kəskin sözlər dedi ki...”

“Dedi ki, ağlamasan, səni qovacam, mənə o qədər kəskin sözlər dedi ki...”


18-01-2023, 09:03
“Dedi ki, ağlamasan, səni qovacam, mənə o qədər kəskin sözlər dedi ki...”
“Heç vaxt bu sənətin eşqi ilə böyüməmişəm, arzulamamışam ki, aktrisa olum. Hər şey tam təsadüf nəticəsində olub. Özümə o qədər arxayınam ki, həmişə deyirdim ki, əgər qarşıma seçim qoysalar, mənə nə qədər çətin də olsa ailəmi seçəcəm, sənətimi yox. Bəlkə ona görə bu sözü bu qədər rahat deyirdim ki, bilirdim mənə belə bir qadağanı qoyan olmayacaq. Amma bu gün sənət də mənim övladım sayılır”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aktrisası Vəfa Zeynalova deyib. Aktrisa tələbəlik vaxtı çəkdiyi çətinliklərdən də danışıb.

“Gənclik tərəfdə rəfiqəmlə yol gedirdik, qəfildən Nurəddin Mehdixanlını gördük. Təbii ki, hər kəsin də üzünə gülümsəyirdi. Rəfiqəm dedi ki, gəl yaxınlaşaq, dedim ki, yox utanıram. Gedib yaxınlaşdıq, dialoqa girdik. O vaxt artıq planlaşdırmışdım ki, incəsənət sahəsinə gələcəm. Nurəddin bəydən məsləhət aldıq, o da dedi ki, gəl, çox yaxşı olacaq. Dedi ki, hətta bir filmə başlayırıq, ola bilər ki, hansısa epizodda sən də çəkiləsən. Söhbət “Taleyin qisməti” serialından gedirdi. Həqiqətən də həmin il universitetə daxil oldum və Lütfü Məmmədbəyov məni bu serialda Lamiyə obrazı üçün seçdi. Hətta serialda çəkilməyə qorxurdum, çünki təcrübəsiz idim. Bir səhnəm var idi, ağlamalı idim. Lütfü müəllim də bəzən sənətçi ilə çox kəskin danışırdı. Mənə dedi ki, ağlamasan, səni qovacam. Mənə nələr demədi ki.. O dəqiqə ağladım, çantamı götürüb getmək istəyəndə dedi ki, hara gedirsən? Gəl otur, indi ağla, səni çəkək! Sən demə o məni qəsdən ağlatdı ki, serialdakı obrazım inandırıcı olsun. Lütfü müəllim unikal bir insan, rejissor idi” deyə aktrisa bildirib.

Aktrisa çəkildiyi “Yox içində Xarı Bülbül” filmindən də danışıb.

“Ötən il 12 seriyadan ibarət “Yox içində Xarı Bülbül” filminə dəvət aldım. Ekran işi İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinin motivləri əsasında ekranlaşdırılması idi. Baş rollara mən və xalq artisti Pərviz Məmmədrzayevi dəvət etdilər. Bu əslində mənim “Xan qızı Ağabəyim ağa” adlı fotolayihəm idi. Rejissor Zaur Tahirsoydan təklif gəldi ki, bəlkə bu fotosessiyanı film edək, mən də təbii ki, çox sevindim. Biz filmin tanıtım çarxını çəkdik, çox da bəyənildi. Əmin olduq ki, bu filmi çəkib bitirə biləcəyik. Tarixi film olduğu üçün bunu necə gəldi çəkib, təhvil verə bilmərik. Ona görə də film çox büdcə tələb edir. Büdcə də çox böyük çıxdığına görə hələ ki, biz gözləyirik. Ümid edirəm ki, bizə dəstək olacaqlar” deyə sənətçi bildirib.

Geri qayıt