Əsas Səhifə > Şou-biznes > “Sənəti layiqincə təmsil etməyənləri görmürəm, eşitmirəm, buna vaxtım da yoxdur”

“Sənəti layiqincə təmsil etməyənləri görmürəm, eşitmirəm, buna vaxtım da yoxdur”


17-01-2023, 09:18
“Sənəti layiqincə təmsil etməyənləri görmürəm, eşitmirəm, buna vaxtım da yoxdur”
“Münsiflərindən biri olduğum “Səs Azərbaycan-doğma nəğmələr” yarışmasında bir-birindən gözəl səslər var. İctimai televiziyada yayımlanan verilişi yəqin ki, izləyənlər çoxdur. Azərbaycanın gözəl səsləri olub, var və hər zaman da olacaq. Çünki Azərbaycanın incəsənətinə, musiqisinə, mədəniyyətinə həmişə xüsusi diqqət və qayğı olub. Bu diqqəti, qayğını bu gün daha çox hiss edirik. Sənətə, sənətkara xüsusi diqqət olan yerdə inkişaf da olur”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, Mədəniyyət və İncəsənət Universitetinin “Aşıq sənəti” kafedrasının müdiri, dosent Samirə Əliyeva deyib.

Tanınmış aşıq “Sizcə hələ də aşıq sənətini layiqincə təmsil etməyənlər varmı? sualına isə belə cavab verib..

“Sənətə layiq olmayanları, sənəti layiqincə təmsil etməyənləri heç görmürəm, oxuduqlarını da eşitmirəm. Buna heç vaxtım da yoxdur. Sənəti çiyinlərində layiqincə daşıyanları həmişə alqışlayıram. Zamanında yaxşılardan öyrənməyə çalışmışıq, bu gün də yaxşılar sırasında olmağa çalışırıq. Sənətin keşiyində layiqincə durmaq bizim borcumuzdur. Çünki sənət xalqa məxsusdur. Bizim şəxsəm özümüzə məxsus olan bir şey deyil. Tarixən sənət yaşayıb, bizim də bu gün borcumuzdur ki, onu inkişaf etdirərək yaşadaq” deyə aşıq bildirib.

Samirə Əliyeva sənətlə bağlı arzularından da danışıb.

“Bilirsiniz ki, ötən il ilk dəfə olaraq “Leyli və Məcnun” dastan tamaşası təqdim olundu. Tamaşada Leyli obrazını canlandırdım. Çox istərdim ki, dastan tamaşaları davamlı olaraq hazırlansın. Bu dastanlarımızın yaşamasına da böyük dəstəkdir. Əvvəl dastanlar məclislərdə söylənilirdi. Daha sonra efirlərdə, konsert salonlarında bunlara görə yer ayrıldı. İnşallah ki, bu cür dastan tamaşaları davamlı olar. Sənətdə nail ola bilmədiyim çox şeylər var. İldən-ilə insanın arzuları daha da artır. Bu arzular daha çox sənətlə bağlı olur. Çox arzularım, planlarım var ki, onların həyata keçməsini istəyirəm. Bu arzulardan biri də solo konsert istəyimdir. Bu hər zaman arzularımın önündə olub. İnanıram ki, bir gün bu arzularımın hər biri həyata keçəcək” deyə əməkdar mədəniyyət işçisi deyib.

Geri qayıt