Əsas Səhifə > Şou-biznes > "Toy özü səni gəlib tapmalıdır..."

"Toy özü səni gəlib tapmalıdır..."


26-10-2022, 09:49
"Toy özü səni gəlib tapmalıdır..."
“Toy özü səni gəlib tapmalıdır. Müğənninin sənəti, performansı bəyənilməsə, xoşa gəlməsə onu heç kim toya dəvət etməz. Müğənni var ki, həddindən artıq tanınır, amma oxuya bilmir. Çünki fonoqram oxumaqla bu səviyyəyə gəlib çatıb. Oxuya bilməyənlərin bəxti onda gətirib ki, insanların çoxunun musiqidən xəbəri yoxdur”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib. O, daha sonra əlavə edib.

“Bir zamanlar toy deyəndə birtəhər baxırdılar. Amma toyda oxumaq asan deyil. Toy özü də bir səhnədir. Bəzən elə də olur ki, böyük sənətkardır, amma toyda oxuya bilmir, toy təcrübəsi yoxdur, insanları ələ ala bilmir. Bu gün insanların zövqü də yaxşıya doğru dəyişib. Bir dəfə şahidi oldum, oynaq mahnıları saxlayıb, xahiş etdilər ki, retro, bəstəkar mahnıları oxuyun, biz də qulaq asaq. Bu gün belə hadisələrlə tez-tez qarşılaşırıq” deyə müğənni bildirib.

Müğənni bildirib ki, ehtiyac olarsa nə vaxtsa əməliyyat etdirə bilər, amma buna hələ ki, ehtiyac duymur.

“Gözəllik ondur, doqquzu dondur. İnsan özünə bir az vaxt ayıranda, geyimlərini gözəl seçəndə deyirlər ki, əməliyyat etdirib. Bəzən stilistlər imicimi dəyişir, bu da şayələrə səbəb olur. Cavan qalmaq üçün, daim gözəl görünmək üçün insan daxilini təmiz saxlamalı, yeməyinə diqqət etməli və səhhətini qorumalıdır. Ən əsas formul budur. İnşallah lazım olanda, ehtiyacım olanda mütləq əməliyyat etdirərəm. Hələ ki, buna ehtiyac yoxdur. Biz səhnə adamıyıq” deyə müğənni bildirib.

Könül Kərimova hər zaman tamaşaçılar tərəfindən sevildiyini, daim həyata sevgi ilə baxdığını bildirib.

“Hər gün sevənlərimdən sevgi məktubları, mesajları alıram. Bu mesaj hamıya gəlir, tək mənə yox! Sevgiləri heç tükənmir, heç vaxt da tükənməsin. Allah bu sevgini bizə çox görməsin. Biz onların sevgilərindən ruhlanıb yazırıq, oxuyuruq. Sevgisiz ömür heçdir. Bəzi insanlar sevgi deyəndə sırf hansısa cütlüyün sevgisini nəzərdə tutur. Amma bu elə deyil. Elə sevgilər var ki, səni həyatda sırf o yaşadır. Övlada sevgidir, anaya olan sevgidir, Allaha olan sevgidir. Bu sözüm çoxlarına qəribə gələr, amma deyəcəyəm. Mən həmişə elə bilirəm ki, kimisə sevirəm. Amma bu sevginin ünvanı yoxdur, o sevgi daim mənim içimdə var. Bu bəlkə də insan, həyat sevgisidir. Sevgi olmasa insan hər şeydən tükənir. Adicə işinə sevgi göstərməyəndə o iş uğurlu alınmır. Bizim tamaşaçılar tərəfindən sevilməyimizə də işimizə olan sevgimiz səbəbdir” deyə müğənni bildirib.

Geri qayıt