Əsas Səhifə > Şou-biznes > “O vaxt bir filmə çəkilib, "Jiquli", ev almaq olardı”

“O vaxt bir filmə çəkilib, "Jiquli", ev almaq olardı”


21-10-2022, 09:29
“O vaxt bir filmə çəkilib, "Jiquli", ev almaq olardı”
“O vaxtın rejissorları əmiyə, dayıya görə aktyor seçib, onu filmə çəkmirdilər. Ona görə də onların seçəcəyi aktyor yüksək istedada malik olmalı idi. Hüseyn Seyidzadə “Qaynana” filmindəki İlqar obrazına məni 14 nəfərin içindən seçmişdi. O vaxt nə xahiş var idi, nə də ki, tapşırıq. Mənim heç sənətdə əmiyə, dayıya ehtiyacım da olmayıb. Gülüşün, komediyanın səviyyəsini yüksək saxlamaq lazımdır. Onu itirməməyə çalışıram. Aktyor sənətinin qüdrəti həddindən artıq çətindir. Sənin həm savadın, həm dünya görüşün, həm də müşahidə qabiliyyətin bir yerdə olmalıdır. Bir yerdə olanda sən sənətkarsan, olmadısa sənətkar deyilsən. Aktyor var ki, səhnədə çıxandan gedənə qədər qışqıra-qışqıra qalır”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti İlham Namiq Kamal deyib. O daha sonra əlavə edib.

“Hər bir yaradıcı insan zəmanəsinin müasir fərdi olmalıdır. Kim olursan ol. O olmasa camaat üçün maraqlı deyilsən. Bəlkə də yeganə aktyoram ki, 5-6 teatrda çalışmışam. Bəzən deyirlər ki, sizi serialda görmürük, səbəb nədir?! Normal dəvət olsa çəkilərdim. O vaxt filmlər, seriallar üçün xüsusi geyimlər, kostyumlar hazırlayırdılar. İndi seriala dəvət edir, deyir ki, öz geyimində gəl. Bu böyük bir qəbahətdir. Ona görə də ucuz ətin şorbası olmur. O vaxt bir filmə çəkilib jiquli, ev almaq olurdu. İndi rejissor qıtlığı da var, ssenari zəifliyi də. Aktyorluq asılı sənətdir, kimlərinsə haqsızlığına dözməlisən” deyə xalq artisti bildirib. İlham Namiq Kamal illər öncə yaratdığı teatrdan da danışdı.

İllər öncə İlham Miniatür Teatrı yaratmışdım. Həmin teatrdan bir çox istedadlı aktyorlar çıxdı. Onlar bu gün də fərqli teatrlarda çalışırlar. Bu taleydir də. Bizdə özəl teatrlara qayğı, dəstək yox dərəcəsindədir. Bəlkə də gələcəkdə özəl teatrlara dəstək göstərəcəklər” deyə sənətkar bildirib.

İlham Namiq Kamal bildirib ki. sənətdə hələ də tam özünü göstərə bilməyib.

“Biz görün necə böyük sənətkarlarımızı itirmişik. Dünya səviyyəli sənətkarlar idi. Onlar da mənim kimi 35 faiz istedadlarını nümayiş etdirə bildilər. Elə filmlər, senarilər olmadı ki, onların parlaq istedadları üzə çıxsın. Gənclərə arzu edirəm ki, öz istedadlarını vaxtında göstərə bilsinlər” deyə sənətkar bildirib.

Geri qayıt