Əsas Səhifə > Şou-biznes > "Bizim sevgimiz “Leyli və Məcnun” sevgisindən də güclü idi"

"Bizim sevgimiz “Leyli və Məcnun” sevgisindən də güclü idi"


4-10-2022, 09:59
"Bizim sevgimiz “Leyli və Məcnun” sevgisindən də güclü idi"
“Allahdan nə istəmişdimsə o mənə vermişdi. Amma inanmırdım ki, Rəmişi məndən nə vaxtsa alacaq. Ağlıma belə gəlməzdi ki, onsuz yaşayacam. Amma yaşayıram, Rəmişsiz yaşamaq mənə əzab verir. Bizim sevgimiz “Leyli və Məcnun” sevgisindən də güclü idi. O gedən gündən mən nə evdə yemək hazırlayıram, nə normal yemək yeyirəm. Bütün iştahım, dadım, duzum Rəmişlə gedib. Ona qovuşacağım günləri sayıram, bilirəm ki, bu görüş baş tutacaq. Rəmişi çox sevirdim, onu bir şeyə görə bağışlamıram ki, məni tək buraxıb, getdi. Həmişə mənə sadiq olmuşdu, gərək sonuna qədər sadiq qalardı”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Rəmişin (xalq artisti Rafiq Hüseynov) həyat yoldaşı Gülü xanım deyib. O daha sonra Rəmişlə yaşadığı çətin, amma şərəfli illərdən danışdı.

“Evimiz olmayanda, maşınla keçirdik, görürdük ki, bayram günüdür, hamının pəncərəsinin şüşələri tərləyir. Öz-özümə fikirləşirdim ki, “ay Allah, kimsə plov hazırlayır, kimsə nəsə edir”. Bayramdır axı, süfrə açırlar. Biz Rəmişlə maşında o başa gedirdik, bu başa gəlirdik. Gözləyirdik ki, qaranlıq düşsün, hansısa ağacın altına verək maşını, başımızı atıb yataq. Ya da maşınla Novxanıya gedib, dəniz kənarında yatırdıq. Oralar sakitlik idi. Gedirdim hamamda onun geyimlərini yuyurdum, kafelərdəki işçilərdən də xahiş edirdim ki, bunu qurudun, səhər gəlib götürəcəm. Səhər gəlirdim, Rəmiş restoranın müdiri ilə nərd oynayırdı, mən də mətbəxdə onlar ütüləyirdim, gətirib çexola salıb, maşından asırdım. Rəmişi bəy balası kimi geyindirirdim. Heç kim bilmirdi ki, mən onun paltarını harada yuyub quruduram. Ölsəm də yadımdan çıxmaz. Boyu hündür idi. Maşında ayağını yığıb yatırdı. Şəmkirə getmişdik, sürdü ot olan əraziyə ki, orada yatıb, dincəlsin. Dedi ki, “Gülü, bir döşək olardı, sərərdim otların üstünə, orada uzanardım” (ağlayır). O sözü ölənə qədər mənim yadımdan çıxmaz. Deyirdim ki, Rəmiş, canın sağ olsun hər şeyimiz olacaq. Evimiz də, maşınımız da olacaq. Həmişə ona ürək-dirək verirdim. Deyirdi ki, “sən bezmədin bu həyatdan?”. Deyirdim ki, niyə bezirəm ki?! O mənim yanımda idi, niyə bezirdim ki. O qədər xoşbəxt idim ki” deyə sənətkarın xanımı bildirib.

Geri qayıt