Əsas Səhifə > Şou-biznes > “Moskva universiteti məni imtahansız qəbul edirdi”

“Moskva universiteti məni imtahansız qəbul edirdi”


27-08-2022, 09:25
“Moskva universiteti məni imtahansız qəbul edirdi”
“O vaxt hamı bilirdi ki, “Qaraca qız” filmində Xədicə roluna çəkilmişəm. Digər məktəblərin oğlanları arxamca düşürdülər, oxuduğum 134 saylı məktəbin oğlanları onları döyürdülər (gülür). Filmə çəkilməyim də təsadüfən olmuşdu. Atamla anam məni bulvara gəzməyə aparmışdılar. Orada bir kişi valideynlərimə yaxınlaşıb dedi ki, “mən səhərdən fikir verirəm, biz kino istəyirik, orada bəyin qızına sizin qızınız çox bənzəyir. Filmin bir hissəsi Şamaxının Çuxuryurd kəndində lentə alındı. Həmin kişi də rejissor Şamil Mahmudbəyov idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi - Leyli Axundova deyib. O daha sonra əlavə edib.

“Evin yeganə, yağ-bal içərisində böyüyən qız övladı idim. Mən filmdə özümü oynayırdım. Anam mühafizəkar qadın idi, çox şeyə mənə icazə vermirdi. Atam deyirdi ki, bircə qızım var, nə istəyir etsin. Mən də çalışırdım ki, elə işlər görüm ki, heç vaxt atamın başını aşağı salmayım”, - deyə sənətçi bildirib.

Sənətçi bildirib ki, atası sonradan onun sənətdə olmasını istəməyib.

“Rəhmətlik Toğrul Nərimanbəyov atama dedi ki, “İsmət, Moskvada gedib danışmışam, Leylini imtahansız aktyorluq məktəbinə götürəcəklər. Çünki onun filmi var”. O vaxt bu kino “Qızıl fond”-a düşmüşdü. Toğrul Nərimanbəyov atamdan xahiş etdi ki, Leyli aktrisa olsun. İmtahan da verməyəcəkdim, bir monoloq deyəcəkdim. Atam dedi ki, yox ki, yox! İcazə vermədi. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında uşaqlara piano dərsi keçirəm. Bəzən düşünürəm ki, yaxşı ki, aktrisa olmamışam. Bu gün sanballı filmlər, layihələr görmürəm. Birincisi o vaxtın rejissorları yoxdur. İkincisi də nə uşaqlar üçün normal filmlər çəkilir, nə də böyüklər üçün. Kino sahəsi başlı-başına qalıb. Bu hal məni çox üzür”, - deyə sənətçi bildirib.

Geri qayıt