Əsas Səhifə > Şou-biznes > “Xahiş etsəm də rejissorlar heç vaxt mənə qəddar obrazlar verməyib, indi də yaşım keçib”

“Xahiş etsəm də rejissorlar heç vaxt mənə qəddar obrazlar verməyib, indi də yaşım keçib”


2-08-2022, 09:01
“Xahiş etsəm də rejissorlar heç vaxt mənə qəddar obrazlar verməyib, indi də yaşım keçib”
“Atam istəyirdi ki, mən neft sahəsi üzrə mühəndis olum, anam isə həkim olmağımı istəyirdi. Kinostudiyada yaradıcı gəncləri hazırlayırdılar ki, Moskvada Kino məktəbində oxumağa göndərsinlər. Mən idim, Murad Yegizarov idi, biz aktyorluğa, Eldar Quliyev isə rejissorluğa oxumağa getdi. Bunu heç kimə yox, təkcə anama deyirdim. Atamdan gizlədərək anamla birlikdə Rusiyaya kino aktyor kurslarına getdim. Bakı balaca şəhərdir, atam bunu bilir. Bakıya gələn kimi bizi imtahansız teatr instituna götürürlər, çünki biz Moskvada peşəkarlardan rəy almışdıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Elmira Şabanova deyib. O, daha sonra əlavə edib.

“Mən elə bildim ki, sənətimlə bağlı qadağalar bununla bitir. Sən demə gələcəkdə məni nələrin gözlədiyindən xəbərsiz idim. Həyat yoldaşım Rüfət Şabanov məni “Əsl dost” filminin çəkilişinə dəvət etdi. Ondan əvvəl isə başqa çəkilişdə görüşmüşdük, çünki bütün aktyorlar onun dostu idi, gəlib siqaret çəkərək, məni süzürdü. Məndən 18 yaş böyük idi. Məni filmə dəvət edəndə dedim ki, nə atam icazə verər, nə də ki, anam. O dedi ki, mən gedib sənin yerinə icazə alacam. Gedib atamla da, anamla da görüşüb, icazə aldı. Çəkilişdə də hamıya elan etdi ki, “mən bu qızı alacam, onunla işiniz olmasın. Ailə həyatı qurmağım kino kariyeramın sonu idi. 11 il qaynanam ilə yaşamışıq, onun da təbii ki, təsiri var idi. Rüfətə deyirdim ki, kinoda çəkilməyə qoymursan, heç olmasa teatrda işməyə icazə ver. Dedi ki, yox! Söz verdi və 40 yaşımdan sonra mənim kinoda çəkilməyimə icazə verdi! Məni “Gəmi saatının sirri” filmində ana obrazına çəkdi” deyə sənətkar bildirib.

E. Şabanova daha sonra kinomuzun bu günki vəziyyətindən danışıb.

“Son günlər ümumiyyətlə çəkilmirəm. Maraqlı təkliflər yoxdur, həm də düşünürəm ki, artıq yaş keçib. Amma belə deməyimə baxmayın, yaxşı təklif gəlsə çəkilərəm bəlkə də. Çox təəssüf ki, kinomuzun indiki vəziyyəti heç də ürək açan deyil. Mən epizodlarda da çəkilmişəm, amma gəlin etiraf edək ki, aktrisanı böyük obraz aktrisa edir. Bir də rejissorlar mənə heç vaxt qəddar obrazlar verməyib. Hətta xahiş də etmişəm, verməyiblər. Seriallara baxıram, görürəm ki, mövzu kasadlığı var. Özüm də bəzən təəccüblənirəm ki, niyə ssenarilər bəsit olub?! Axı bizim yaxşı ssenaristlərimiz, yazarlarımız var. Yəqin ki, onlara ssenari yazmaq üçün şərait yaradılmır. Seriallarda ancaq dəbdəbəli evlər, bahalı yaşayış təbliğ olunur. Seriallar tərbiyəvi mövzuda olmalıdır” deyə xalq artisti bildirib.

Geri qayıt