Əsas Səhifə > Şou-biznes > "Şuşanın havası, gözəlliyi ayrıca məsələdir"

"Şuşanın havası, gözəlliyi ayrıca məsələdir"


14-06-2022, 10:12
"Şuşanın havası, gözəlliyi ayrıca məsələdir"
“Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə bu ilin əvvəlindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Məclisin komitələrinin birgə iclaslarının keçirilməsinə başlanılıb. Təmsil olunduğum komitələrin də may və iyun aylarında Şuşada iclasları baş tutdu. İşğaldan azad olunmuş ərazilərimizə tarixi qələbəmizdən sonra səfər etmək qürurvericidir. Səfər çərçivəsində bu ərazilərə daxil olarkən erməni vandallığının, vəhşiliklərinin bir daha şahidi olduq. Burada törədilən vandallıqlar dünya tarixində heç vaxt görülməyib. Torpaqlarımızı, şəhərləri, kəndləri tamamilə darmadağın edib, daşı daş üstündə qoymayıblar. İnfrastruktur, dini, tarixi abidələrimiz yerlə yeksan edilib və təhqir olunub, ekologiyaya ciddi zərbə vurulub. İşğaldan azad olunmuş ərazilərimizə daxil olanda, 30 il ərzində ermənilər tərəfindən qurulan çox böyük səngələr görürük...” DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə mümkün olmayanı reallığa çevirib: “Cənab Prezidentin qurduğu düzgün strategiya nəticəsində Vətən Müharibəsində rəşadətli ordumuz misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək ərazilərimizi işğaldan azad ediblər. Xüsusən Şuşanın işğaldan azad olunması dünya hərb tarixində bu günə kimi görünməyən hərbi əməliyyatdır. O sıldırım qayalarda Azərbaycanın əsgər və zabitləri, Xüsusi Təyinatlı Qüvvələrimiz şücaət göstərib, bir neçə gün zəfər yolu ilə irəliləyərək Şuşanı işğaldan azad ediblər. Biz növbəti mərhələnin də şahidi oluruq: Şuşada böyük yenidənqurma, bərpa işləri görülür, avtomobil, dəmir yolları çəkilir, elektrik enerjisi təminatı həyata keçirilir. Bütün bunlar Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Qarabağın insanı heyran edən xüsusi gözəlliyi var. Şuşanın havası, gözəlliyi ayrıca məsələdir. Burada 30 il müddətində öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımız üçün möhtəşəm həyat qurulur. Şuşa artıq bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu şəhər mədəniyyət paytaxtı olmaqla yanaşı, siyasi-idealoji və diplomatik mərkəzə çevrilməkdədir. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma və bərpa işləri, xüsusən dini, tarixi, mədəni abidələrin bərpası istiqamətində çox böyük layihələr icra edilir. Bütün bunlar işğaldan azad olunmuş ərazilərimizin dünyanın ən gözəl cənnət məkanına çevriləcəyinin göstəriciləridir”.

Geri qayıt