Əsas Səhifə > Şou-biznes > "Belə şeylərə o vaxt bir söz deyilmirdi"

"Belə şeylərə o vaxt bir söz deyilmirdi"


25-05-2022, 08:38
"Belə şeylərə o vaxt bir söz deyilmirdi"
“Əvvəllər televiziyada estrada ifaçıları şortiklə çıxış edirdilər. Belə şeylərə o vaxt bir söz deyilmirdi. Amma indi bunu səhv tuturlar”.

Bu sözləri televiziya verilişlərinin birində sinə dekoltesinə görə ifası yarımçıq kəsilən müğənni Kəmalə Qaramollayeva deyib.

ARB TV-də yayımlanan “Həmin Zaur” şousunda baş verənlərə aydınlıq gətirən ifaçı efirlərdə yarım ildir ki, geyimlə bağlı ciddi qadağaların olduğunu bildirib:

“Xalq artistlərinın çıxdığı verilişləri belə geyimə görə kəsiblər. Sağ olsunlar, geyimimə görə verilişi yox, sadəcə mahnını kəsib reklama keçdilər. Mənim yaxa hissəm bağlandı, ondan sonra veriliş davam elədi.

Biz də estrada müğənnisi olaraq bu qadağalara öyrəşməmişik. Adətən, qapalı, həm də estradaya uyğun geyinirəm. Efir qadağalarını nəzərə alıram. Sadəcə, dünən bir az anlaşılmazlıq olub. Çünki qara qapalı pencək geyinmişdim, altı dekolte idi. Oxuduğum mahnıya uyğun olaraq oynayanda pencək qalxdı və o pis görüntü verdi. Yoxsa geyimim normal idi”.

Estrada ifaçısı etiraz eləmədiyini vurğulayıb:

"Etiraz eləmədim. Çünki bu, tək mənə qarşı olunmur. Bu yaxınlarda Xalq artisti Məleykə Əsədovaya görə verilişi kəsmişdilər. Tam olaraq veriliş kəsilmişdi. Ümumiyyətlə, efirlərdə artıq istər estrada müğənnisi ol, istərsə də xanəndə geyimlə bağlı nəyə görəsə məhdudiyyət qoyurlar. Mən açıq-saçıqlığın həmişə əleyhinə olmuşam. Mən bunu açıq hesab etmədiyim üçün geyinmişəm. Geyim çox gözəl idi, instaqramda bu geyimi almaq istəyənlər haradan aldığımı yazıb soruşdular. Yəni adi insanlar da bunu geyinir. Qaldı ki, mən estrada müğənnisiyəm, niyə geyinməyim ki?”

Xatırladaq ki, dünən ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda Kəmalə Qaramollayevanın ifası zamanı pencəyin önü açıq qaldığından, müğənninin korseti ön plana çıxıb.

Bu zaman verilişin aparıcısı Zaur Kamal müğənniyə “göz-qaşla” pencəyinin yaxa hissəsini bağlamağı işarə edib. Qaramollayeva isə bunu görməzdən gəlib. Nəticədə müğənninin ifası yarımçıq kəsilərək “hava məlumatı”na keçid olunub.

Veriliş yayıma qayıtdıqdan sonra isə Kamalənin pencəyinin ön hissəsini bağlanmış vəziyyətdə olub.

Geri qayıt