Əsas Səhifə > Şou-biznes > “Bizim teatrda bunu ilk mən etdim, tamaşanın afişasında da 18+ səhnələrin olduğu yazılmışdı”

“Bizim teatrda bunu ilk mən etdim, tamaşanın afişasında da 18+ səhnələrin olduğu yazılmışdı”


2-05-2022, 10:35
“Bizim teatrda bunu ilk mən etdim, tamaşanın afişasında da 18+ səhnələrin olduğu yazılmışdı”
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası baş tutub. 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur. Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir. Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev, aktyorlar Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarını oynayıblar. DİA.AZ xəbər verir ki, moderator.az Dulsineya obrazının ifaçısı, tanınmış aktrisa ilə həmsöhbət olub. Aktrisa deyir ki, bu obraz onun üçün yenidir.

“İlk dəfə idi ki, bu səpkidə bir obraz oynayırdım. Biz tamaşada oyun babasının qurduğu oyunları oynayırdıq. Psixoloji bir əsər idi, tamaşa absurd üslubda səhnələşdirilmişdi. Düşünürəm ki, Azərbaycan teatrında bir ilk idi. Mənə qədər səhnədə bütün kompleksləri sındıran bir çox aktrisalar olmuşdu, amma bizim teatrda hesab edirəm ki, bunu ilk mən etdim. Tamaşanın afişasında da 18+ səhnələrin olduğu yazılmışdı. Çox çətin obraz idi, bu günə qədər hətta səhnədə bu qədər eybəcər, vidsiz göründüyüm olmamışdı. Amma bu məni qorxutmadı. İstər qrim, istər parik, istər kostyumum olsun. Səhnədəki gəzməyimin özü belə günlərlə belimin ağrısına səbəb olurdu” deyə aktrisa bildirib. Aktrisa daha sonra əlavə edib.

“Mən ümumiyyətlə cəsarətli xanım, cəsarətli insanam. Bu obraza həm rəhbərlik məni təklif etmişdi, həm də rejissor məni seçmişdi. Təklif gəldi, mən də bütün bunların səhnədə cərəyan etdiyini anlayaraq etiraz etmədim. Təbii ki, mənim də baryerlərim, məsafələrim var, o məsafələri keçməmək şərtilə tamaşanı oynadım. Əlbəttə ki, həyat yoldaşım tamaşanın məşqlərinə, nümayişinə baxdı. Hərhalda o qərar verə bilər ki, nə olar, nə olmaz. Kənar insanların düşüncələri məni qətiyyən maraqlandırmır. Düşünürəm ki, hər şey qədərində idi. “Bu mənlik deyil”, “Mən bunu edə bilmərəm” kimi düşüncələr teatr səhnəsində keçərli deyil. Bütün bunlar səhnədə baş verir, həyatda yox! Mənim tərəf müqabilimin yerində həyat yoldaşım da ola bilərdi, mənim yerimdə də başqa xanım aktrisa ola bilərdi, mən də bunu kənardan izləyə bilərdim. Bu sənətini sevən aktyor-aktrisa üçün normal bir haldır. Tamaşanın gedişatından, məşqlərindən mən artıq bilirdim ki, bunu 100 faizlik publikanın, 20 faizi qəbul edə bilər, 80 faizi yox. Çünki bu hamının anlaya biləcəyi tamaşa, hər kəsin qavrayacağı mövzu da deyildi. Bu da bir iş idi, çox maraqlı idi. Düşünürəm ki, tezliklə bəyənməyənlər də bəyənənlər sırasına gəlib çıxacaq” deyə aktrisa bildirib.

Aktrisa arzuladığı obrazdan da danışıb.

“Sənətə gələndən hər zaman Esmeraldo obrazını oynamaq istəmişəm. Şükürlər olsun ki, Samir Qulamovun “Paris Notrdama ithaf” tamaşasında bu obraz mənə verildi. Mən bu istəyimi əzizim, dəyərlim, teatrımızın direktoru Əliqismət müəllimə və tamaşanın rejissoru Samir Qulamova bildirdim. Onlar da etiraz etmədilər, dedilər ki, götür obrazı məşq et. İnşallah yaxın günlərdə bunu da təhvil verəcəm” deyə Gültac Əlili bildirib.

“Övladlarınızın bu sahədə olmağını istəyirsiniz?” sualına isə aktrisa belə cavab verib.

“Mən çox istəyərdim, amma ataları istəmir. Ona görə də evdə kişinin sözü keçər, Hüseyn nə dedi odur” deyə aktrisa bildirib.

Geri qayıt