Əsas Səhifə > Şou-biznes > “Qorxub özümü traktordan yerə atdım, dedim ki, ölsəm də minmərəm”

“Qorxub özümü traktordan yerə atdım, dedim ki, ölsəm də minmərəm”


14-04-2022, 11:09
“Qorxub özümü traktordan yerə atdım, dedim ki, ölsəm də minmərəm”
“Al-əlvan geyimlərimə baxmayaraq həyatımın rəngi ağ və qaradır. Hal-hazırda dünyada olan vəziyyətə görə mavi rəngini də ora əlavə etmişəm. Çünki aydın səma, sülh, müharibələrə son qoyulmasını, bir sözlə dostluq və barış istəyirəm”. Dia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

“Bəzən sual verirlər ki, Gülnar dəyişib? Gülnar bəlkə də zahirən dəyişib, amma daxilən eyni insandır. Eyni ruh, eyni həvəs, mübarizə aparmaq, istədiyinə çatmaq eşqi var. Gülnarın yalnız yaşı arta bilər. Bilmirəm ki, Gülnar obrazını mən yox başqası oynasaydı şöhrət qazana bilərdi ya yox?! Allahın yazdığı bir taleh var. Allah bu rolu mənə qismət etdi. Heç tanınmadığım bir vaxtda, bir gecədə Gülnar obrazı ilə şöhrəti yaxaladım. Bir dəfə seçdiyim sənətə görə peşman olmuşam, hətta yığışıb Şuşaya getmək istəyirdim, rəhmətlik Həsən Turabov qoymadı. O vaxt bir az mənə çətin idi, Bakıda tam qeydiyyata düşə bilmirdim, ev barəsində problemim çox idi, kirayələrdə qalırdım. Həm də gənc idim, ana-ata, bacı-qardaşımdan ötrü çox darıxırdım. Getmək istəsəm də gedə bilməmişəm. Bu gün isə yalnız sağlamlığımda ciddi problem yaranarsa, mən səhnəyə yaramaramsa o zaman səhnədən gedə bilərəm. Amma nə qədər ki, gücüm var çalışacağam. Səhnə mənim üçün çox müqəddəsdir, mənim orada ruhum dincəlir, həyat eşqim artır, rahat nəfəs alıram. Səhnə mənim yaşamağım üçün qidadır” deyə sənətkar bildirib.

Xalq artisti illər öncə “Bəyin oğurlanması” filmində başına gələn hadisəni də bizimlə bölüşüb.

"Bəyin oğurlanması" filmində oynadığım Telli obrazının bir səhnəsi çəkilirdi. Musa obrazını Vidadi Həsənov oynayırdı. Telliylə Musanın traktorda getdiyi bir səhnə çəkilməli idi. Həmin səhnədə traktor üzü yuxarı qalxmalı idi. Çəkilişə başladıq, lap yuxarı qalxan hissədə birdən ağlıma gəldi ki, Vidadidən traktor sürüb-sürə bilmədiyini soruşum. O da dedi, yox sürə bilmirəm. İnanmazsınız, bu sözü eşidəndə necə qorxdum, özümü traktordan aşağı atdım. Hamıya dedim ki, ölsəm də, traktora minmərəm. Həmin səhnə filmə salınmadı" deyə aktrisa bildirib.

Geri qayıt