Əsas Səhifə > Şou-biznes > “Deyirdim ki, musiqiçi ilə evlənəcəyəm ki, müğənni olmağıma mane olmasın”

“Deyirdim ki, musiqiçi ilə evlənəcəyəm ki, müğənni olmağıma mane olmasın”


11-04-2022, 10:07
“Deyirdim ki, musiqiçi ilə evlənəcəyəm ki, müğənni olmağıma mane olmasın”
“Həyat yoldaşım, əməkdar artist, mahir kamança ifaçısı Eldar Abdullayev bütün ömrünü Gəncə Dövlət Filarmoniyasının, Göy Göl Dövlət Mahnı və Rəqs ansamblının inkişafına həsr edib. O dünyanın bir çox ölkələrində öz sənətinin təbliğatçısı olub, böyük sənətkarlarımızı müşayiət edib. Aprel ayının 17-də Eldar müəllimin 75 yaşı tamam olacaq. Hal-hazırda bu istiqamətdə işlər gedir, yubileyə hazırlaşırıq”. Dia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şahnaz Haşımova deyib. O daha sonra əlavə edib.

“Eldar müəllim hər zaman mənə dayaq olub. Mənim inkişafım, sənətim üçün çalışıb. Bilirsiniz ki, konsertlər, televiziyalar, çəkilişlər hamısı Bakıdadır. Bakıdan dəvət alan kimi tez məni ora çatdırırdı. Demək olar ki, bütün ömrünü mənim sənətimə həsr edib. Bir-birimizi başa düşürük, böyük hörmətlə yanaşırıq. Bilirəm ki, onun konserti var, evdə sakitçilik olmalıdır. Gənc qız olanda düşünürdüm ki, mütləq musiqiçi ilə ailə həyatı quracam ki, mənim ifaçılığıma mane olmasın. Təkcə sənətkar olmaq azdır, sən gərək həm də böyük insan olasan. Davranışına, hərəkətinə, sənətinə hörmət qoymalısan. Eldar müəllim hamıdan çox çalışar, amma hər dəfə arxada durar. Qabağa keçib “mən, mən” deməyi yoxdur. Heç istəmir ki, sənət camiyəsində yubileyini qeyd edək. Deyir ki, ailə daxilində keçirək, bəsdir” deyə sənətkar bildirib.

Şahnaz Haşımova sənət fəaliyyətindən də danışıb.

“Bu gün Gəncədə 8-ci Televiziya Muğam Müsabiqəsinin seçim turları idi. Bakıdan gözəl, dəyərli sənətkarlarımız Mənsum İbrahimov, Nəzakət Teymurova, Fərqanə xanım və s. insanlar gəlmişdi. İki tələbəm, Səxavət Məmmədovla Nəriman Məmmədov seçim turundan keçib, müsabiqəyə vəsiqə aldılar. Bu həm də bir müəllim kimi mənim uğurum, nailiyyətimdir. Bu il həm də mənim 65 illik yubileyimdir. Bu münasibətlə konsert proqramı hazırlayıram, may ayında sevənlərimə təqdim edəcəyəm” deyə Şahnaz Haşımova bildirib.

Şahnaz Haşımova deyib ki, Bakıda yaşaması üçün ona çox təkliflər gəlib.

“Bu günə qədər Gəncədə yaşayıb, sənətimi təbliğ etmişəm. Gəncədən getmədim, daha doğrusu gedə, ayrıla bilmədim. Gəncə Musiqi kollecində muğam üzrə dərs deyirəm, tələbələrimlə məşğulam. Gəncə Dövlət Filarmoniyasında əsas solistəm. Hamı məni orada öz anası, ağbirçəyi bilir. Bilmirəm ki, gələcəkdə Bakıya köçəcəm yoxsa yox?! Bunu zaman göstərəcək. Əvvəllər Bakıya gəlməyimlə bağlı çox dəvətlər olub, amma getməmişəm. Hətta o illərdə Opera və Balet Teatrına da dəvət almışdım, amma getmədim. “Leyli və Məcnun” əsərini 80-ci ildə Gəncədə hazırlayıb, Leyli obrazında səhnəyə çıxdım” deyə xanəndə bildirib.

Şahnaz Haşımova sonda gənc sənətçilərə tövsiyyələrini də verib.

“Bu gün muğam sənətinə dövlət tərəfindən böyük diqqət və qayğı var. Bəzi ifaçılar, asan yolla gündəmə gəlmək istəyirlər. Görürlər ki, filankəs ağlına, ağzına gələni oxuyur, yaxşı toylara gedib pul qazanır, bəziləri də o yolla getməyə meylli olurlar. Muğamımıza yad olan boğazlar, nəfəslər edirlər. Lazım deyil, etməyin belə! Bu mənim heç xoşuma gəlmir. Çünki muğamın öz yolu var. Düz yolla getmək lazımdır. Ataların bir sözü var, deyir ki, “Min yol var, amma ən gözəl yol düz yoldur”. Düz yolla gedən adamın həmişə qiyməti üstündədir” deyə xalq artisti bildirib.

Geri qayıt