Əsas Səhifə > Şou-biznes > “Prezidentin bundan xəbəri yoxdur, məktublarım ünvanına çatmır”

“Prezidentin bundan xəbəri yoxdur, məktublarım ünvanına çatmır”


17-03-2022, 08:16
“Prezidentin bundan xəbəri yoxdur, məktublarım ünvanına çatmır”
“Noyabr ayında ailəlikcə virusa yoluxduq, şükür Allaha indi sağalmışıq. Amma yenə də fəsadları qalmaqdadır. Hər gün teatrla əlaqəm var, orada həmkarların üzvüyəm, həm də ictimai işlərdə fəaliyyət göstərirəm. Mənə teatrda soyuq oldu. “Dəli yığıncağı” tamaşasını 10 gün soyuq səhnədə məşq etdik, daha sonra oynadıq. Pandemiyadan qayıdıb gələndən sonra gördük ki, teatrın tavanı su buraxır, dam axır. Niyə bilmirik?! Zaldan bütün stullları götürüblər. Yadınızdadırsa cənab prezident şəhər teatrlarına 200 min vəsait ayırdı. Həmin görüşdə teatrlara status verildi, aktyorların maaşları artdı. Bəs o 200 min nə oldu? Deyirlər ki, filan şey aldıq, işıqlandırmaya xərclədik. Birinci damı təmir et, sonra digər şeylərə pul xərclə də. 47 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram”. Dia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib. O daha sonra əlavə edib.

“Teatrda 2016-cı ildən bu yana yarımştat çalışıram. 2016-cı ildə mənim 70, Ağaxan Salmanlının 75 yaşı tamam oldu. Köhnə direktor Mübariz Həmidov Ağaxan Salmanlı ilə məni çağırıb dedi ki, sizin maaşlarınızı yarımştat etdim. Mən çox əsəbləşdim, dedim ki, bunu yubileyimə hədiyyə etdiniz? Hətta əsəbləşib dedim ki, bunu yubileydən sonra deyərdiniz də. Yaş həddi ilə bağlı prezidentə, birinci xanıma məktublar yazmışam, amma məktublar yəqin ki, gedib ünvanına çatmır. Teatr zavod, fabrik deyil ki, orada yaş həddi qoyulsun?! Qoca obrazını qocaya, cavan obrazını da cavana verərlər də. Dünyanın heç bir yerində belə bir şey yoxdur! Mən bunu deməkdən yorulmuşam. Mən hətta bir neçə millət vəkilindən soruşmuşam ki, yaş həddi ilə bağlı qanun Milli Məclisdə qəbul olunub? Deyiblər ki, heç müzakirəyə də çıxarmayıblar. Prezidentimizin inanın ki, bundan xəbəri yoxdur! Mədəniyyət xadimləri ilə görüşdə görün nə qədər problemləri cənab prezident həll etdi?! Bir bu məsələni də desəydilər yaxşı olardı. O həll olunan problemlərin yanında yaş senzi nə idi ki?” deyə xalq artisti bildirib.

Geri qayıt