Əsas Səhifə > Şou-biznes > "Əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?!"

"Əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?!"


22-02-2022, 08:51
"Əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?!"
Milli filmlərimizdə uşaq obrazlarına hər zaman geniş yer verilib. Bu uşaq obrazlarından biri də “Babamızın babasının babası” filmindəki Əziz və “Gümüşü furqon” filmindəki Fərid obrazıdır. Söhbət bu obrazlara həyat verən uşaq qəhrəmanımız Samir Qədirovdan gedir. Samir Qədirov hal-hazırda bu sənəti davam etdirmir. DİA.AZ xəbər verir ki, moderator.az-ın əməkdaşı onunla söhbətə hazırkı işindən və yaşayışından danışmaqla başlayıb.

- Samir bəy, siz bizim filmlərimizin ən məşhur uşaq qəhrəmanlarından birisiniz. Bilmək olarmı hal-hazırda hansı sahədəsiniz?

- Mən artıq bir neçə ildir ki, ailəmlə birgə Almaniyaya köçmüşəm. Hal-hazırda Almaniyanın Köln şəhərində DİY Loğistig mərkəzində keyfiyyət sahəsi üzrə çalışıram.

- Filmə dəvət sizə necə gəlmişdi?

- “Babamızın babasının babası” filmi üçün seçimi oxuduğum 132 saylı məktəbdə etdilər. Filmə görə 200-ə yaxın uşaq dəvət etsələr də, bütün mərhələlərdən mən keçmişdim. Hətta filmə çəkiləndən sonra məktəbimizə çoxlu sayda məktublar gəlirdi. Direktor müavini deyirdi ki, sənə gələn məktubların əlindən bezmişik. Bəzən onları evə gətirib oxuyurdum. Bir qız məktub yollamışdı, o salamsız, kəlamsız əlini çəkib göndərmişdi ki, bu mənim əlimdir. Məktəbdə bütün uşaqlarla birlikdə əlimizi çəkib həmin ünvana göndərdik. Bəlkə də düzgün etmədik, amma uşaq ağlı idi.

- Çəkilişlər necə gedirdi? Uşaq olduğunuza görə yəqin ki, bir az çətinlik çəkmisiniz?

- Əlbəttə ki, çətinlik çəkirdim. Uşaq idim axı, bu belə də olmalı idi. Bəzən gülməli yerlərdə gülmürdüm, ağlamalı yerlərdə ağlamırdım. Hətta rejissor köməkçisi əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?! Çəkilişlərə atam və qardaşımla birgə gəlirdim. Bu gün filmlərə baxıb deyirəm ki, yaxşı ki, çəkilmişəm. Onu da deyim ki, “Babamızın babasının babası” filmindən sonra məni rejissor Oqtay Mirqasımov “Gümüşü furqon” filminə yoxlanışsız dəvət etdi.

- “Gümüşü furqon” filmində xalq artisti Həmidə Ömərova ögey ananızı oynayır. O illəri necə xatırlayırsınız?

- Həmidə xanım çox gözəl, kübar qadındır. Onunla bir səhnəmiz var idi, səhər məni yedirdib məktəbə yola salırdı. Filmin bu hissəsi 5-6 səhnə çəkildi, daha şordan bezdim. O kadrlar çəkilənə kimi 1 boşqab şor, yarım çörək yedim. İndi də şora nifrət edirəm. Həmin filmdə Həmidə xanımın həyat yoldaşı rolunda tanınmış aktyor Ömür Nağıyev çəkilirdi. Maşında gedə-gedə bunlar zarafatla dalaşırdılar, Həmidə xanım da mənə deyirdi ki, sən də qışqır ki, papa, mama bəsdir! Ətrafdakılar da elə bilsin ki, biz bir ailəyik (gülür). Filmdə Həmidə xanımın ögey oğlu olsam da, həyatda, çəkilişdən kənarda mənə sözün əsl mənasında analıq edirdi.

- Həmidə xanımla heç üz-üzə gəlmisiniz?

- Xeyr! Çox istərdim ki, heç olmasa bir dəfə onunla görüşüm, ünsiyyətdə olum. Hətta sosial şəbəkələrdən birində ona yazmışdım ki, mənəm Fərid, sizin oğlunuz. Amma cavab vermədi. İndi də Almaniyadayam, heç inanmıram ki, nə vaxtsa görüşə bilək. O mənim üçün əvəz edilməz insan və sənətkardır. Ondan bir də olmayacaq, bu sənətə gəlməyəcək. Çox istərdim ki, Həmidə Ömərova kimi sənətkardan sözün yaxşı mənasında filmlərimizdə, seriallarımızda istifadə edilsin. Bir neçə il öncə serialda çəkilirdi, Azərbaycanda olanda sırf ona görə həmin serialı izləyirdim.

- Bəs niyə bu sənəti davam etdirmədiniz?

- Mənə sonralar “Papaq” filmində papaqçının dostu Nuru roluna dəvət gəlmişdi. Babam saçımı çox qısa qırxdırmışdı, demək olar ki, keçəl idim. Uşaqlara da o vaxt parik qoymurdular. Belə bir təsadüf nəticəsində filmdə çəkilə bilmədim. Bu şansla da bağlı idi. Amma indi çox peşmanam, düşünürəm ki, kaş çəkilərdim. Demək ki, qismət deyilmiş.

"Əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?!"

Geri qayıt