Əsas Səhifə > Şou-biznes > “Rasim Ocaqov israr etməyimə baxmayaraq həmin obrazı mənə yox, Zərnigara verdi...”

“Rasim Ocaqov israr etməyimə baxmayaraq həmin obrazı mənə yox, Zərnigara verdi...”


4-11-2021, 09:37
“Rasim Ocaqov israr etməyimə baxmayaraq həmin obrazı mənə yox, Zərnigara verdi...”
“Bu günlərdə doğum günüm-80 illik yubileyim oldu. Hamı zəng edib, təbrik etdi. Əlbəttə ki, bu mənim üçün çox xoşdur. Evdən çölə çıxmıram, özümü viruslardan qoruyuram. Bir dəfə xəstələndim, çox şükür ki, tez sağaldım. Bir az ayaqlarım sözümə baxmır, ağrıyır. Əsas da ayaqlardır da. Bu da 80 yaşında olur. Həkimə getmirəm, özüm-özümü müalicə edirəm. Elə ona görə də qocalıqla aram yoxdur (gülür). Uşaqlarım deyir ki, mən hələ onlara lazımam”

Bunu Moderator.az-a özəl açıqlamasında Xalq artisti, sevilən aktrisa Elmira Şabanova deyib. Uzun müddətdir mətbuat və efirlərdən uzaq gəzən sənətkar vaxtaşırı yalnız Moderator.az-a açıqlamalar verir. Elə bu haqda danışmaqla söhbətimizə davam edirik.

“Mən heç kəslə danışmıram, heç bir sayta müsahibə verib, efirə getmirəm. Siz mənim hörmət etdiyim insanlardansınız, saytınızı vaxtaşırı izləyirəm. Müslüm Maqomayev ağıllı insan idi, o da yaşlı olanda verilişlərə getmirdi. Mən də bu yaşımda gedib efirdə kiminsə gözünün qarşısında yıxılmaq istəmərəm. Yaxud əl ağacı ilə efirlərə getmərəm. Ölərəm amma bunu etmərəm. Çox şükür ki, hələ əsa ilə gəzmirəm, ümumiyyətlə deyirəm. Xasiyyətim belədir də. Heç cavanlıq illərimdə də efirlərə, verilişlərə bir o qədər də həvəs göstərməmişəm. Yalandan deyə bilmərəm ki, telekanalları izləmirəm. Əlbəttə ki, izləyirəm. İşimin, gücümün adı nədir ki? Bütün günü evdə oturub kanal izləyirəm. Bir vaxtlar “Buğlama” serialına baxırdım, maraqlı idi. “Komedixana” ya da baxıram, çox sevirəm. Mən hər zaman ciddi, dramatik obrazlarda oynamışam. Komik rollar oynamamışam, dəvət gəlməyib. Ciddi obrazlar görünür məni seçib. Rasim Ocaqov “Təhminə” filmini çəkəndə ondan xahiş etdim ki, Zaurun anası obrazını mənə ver, mən oynayım. Dedi ki, sənin simanda təbəssüm, nur var, bu rolu sənə verə bilmərəm. Mənə yox, Zərnigar Ağakişiyevaya verdi həmin obrazı” deyə xalq artisti bildirib.

Sənətkar ən böyük arzusunun həyata keçdiyini, daha heç bir şey arzulamadığını bildirib.

“Mən həyatımdan, övladlarımdan razıyam. Çox yaxşı həyat yaşamışam, həm ailəmi, həm də sənətimi qorumuşam. Bu illər ərzində bir çox tələbələr yetişdirmişəm. Aktrisa kimi məni sevib, seçiblər. Cavanlara da belə həyat arzu edirəm. Heç nə istəmirəm, heç bir arzum yoxdur. Ən böyük arzumuzu cənab prezident İlham Əliyev həyata keçirib, torpaqlarımızı bizə qaytardı. Bundan böyük nə arzu ola bilərdi? Ona görə də heç bir arzum yoxdur. Təbii ki, şəhidlərimiz də, qazilərimiz də oldu. Amma yenə də bütün ölkələr içərisində alnımız açıq, başımız dikdir” deyə sənətkar bildirib.

Geri qayıt