Əsas Səhifə > Şou-biznes > “Onun evə ehtiyacı yoxdur, Şuşada yaşamayacaq, evi versin, gedib orada yaşayım”

“Onun evə ehtiyacı yoxdur, Şuşada yaşamayacaq, evi versin, gedib orada yaşayım”


2-11-2021, 09:27
“Onun evə ehtiyacı yoxdur, Şuşada yaşamayacaq, evi versin, gedib orada yaşayım”
“Sağ olsun Qənirə xanım, mənim Prezident mükafatı almağıma çox böyük köməklik göstərdi. İnanın, utanıram deməyə, üstümüzdə bir yorğanımız yox idi, o məvaciblə indi çatışmayanları alıram. Mən xalqdan heç nə gizlətmirəm, bu mənim günahım deyil. Oğlum xidməti zamanı əlillik qazanıb. Əlil də evlənməlidir, 38 yaşı var. Evlə bağlı cənab prezindentə məktub yazmışam, amma ona çatdırmırlar. Hətta Qənirə xanım da məktub yazıb. Qənirə xanım kimi adamın məktubunu, təqdimatını prezidentdən gizlədirlər. Ya mənə dövlət ev versin, ya da ömürlük prezident təqaüdü verilsin ki, mən o pulla özümə kirayə mənzil tutum ki, oğlum 1 otaqda evlənib yaşasın. Ailə içərisində ailə necə qurula bilər? Eybi yoxdur, balaca bir vaqon sığınacağına da möhtacam, heç olmasa onu versinlər”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ədilə Əflaki bildirib. O daha sonra əlavə edib.

“O vaxt babam, xeyriyyəçi Ələkbərbəy Nəzərlinin mülkünə bütün Qarabağ mahalından xanəndələr, musiqiçilər toplaşardı. Çünki Bakıda onların evləri yox idi. Babam onları necə lazımdırsa qəbul edib, halal xoşları olsun. Düzdü, içlərində babama naxələf çıxanları da az olmayıb. Mən razıyam ki, Şuşada mənə ev verilsin. Polad Bülbüloğlu onsuz da Şuşada yaşamayacaq, onun evə ehtiyacı yoxdur. Atasının Şuşadakı evini versin mənə, razıyam gedib Şuşada güllə qabağında yaşayaram. Necə ki, 1990-ci illərdə bütün cəbhələrdə özümü həlak etmişdim, yenə də Şuşada yaşayaram, ermənilərdən qorxmaram. Cin görürəm, şeytan görürəm qorxmuram, harada müsəlman görürəm qorxuram. O vaxt Polad Bülbüloğlu Mədəniyyət Naziri olanda aktrisa Mənsumə Rzayeva ilə onun qəbuluna getmişdik, bizi qəbul etmədi, hətta bizə xoşagəlməz söz də dedi. Polad Bülbüloğlunun adını çəkməyim təsadüf deyil. Çünki mənim babamın 6 antik milli musiqi aləti xalçalarla birlikdə onun nazir olduğu dövrdə muzeylərdən itib. Sonradan bildik ki, bu alətlər xarici ölkələrə milyon qiymətə satılıb” deyə xanəndə bildirib.

Ədilə Əflaki Günay İbrahimlinin “Mən musiqimizin sütunuyam” sözünə də münasibət bildirib.

“Mən bu adda müğənni tanımıram. Onları müğənni hesab etmirəm. Yalnız dövlət möhürlü sənətkarları tanıyıram. Biz 4 sənətkar-Qəndab Quliyeva, Səkinə İsmayılova, mən və Nisə Qasımova sənətə birgə gəlmişik. Mən öz həmkarlarımdan danışıb, onlarla debat apara bilərəm. Günay adında müğənni tanımıram, tanımaq da istəmirəm. Mədəniyyətimizə ləkə olanlar xahiş edirəm kənarda dursunlar. Bəsdir də mədəniyyətimizi ləkələdilər. Biz sakit oturmuşuq evimizdə ağzımıza alıb demirik ki, mədəniyyətimizdə xidmətlərimiz olub. Ayıbdır vallah! Bəziləri indi hərbi geyim geyinib, klip çəkdirir. Əyninizə hərbi geyim geyinib, dronların qabağında klip çəkdirməklə deyil. Müharibə vaxtı gəlib mənə qoşulub cəbhəyə gedərdiniz. Mən canımı, sağlığımı vətən yolunda sipər etmişəm. Şücaətim, qorxmazlığım ulu öndər Heydər Əliyevi də təəccübləndirib. O vaxt qəzetdə çıxan məqaləmi oxuyanda soruşub ki, bu qızın fəxri adı var? Deyiblər ki, yox! Deyib ki, necə yani yoxdur? Bu türk qadını adına ucalıq, şərəf gətirib! Onun tapşırığından sonra mənə fəxri ad verdilər. Amma 18 ildir eyni fəxri adı daşıyıram! 18 il əməkdar artist qalmaq olar?! Populyar, əxlaqsız olmaqdansa tərbiyyəli sənətkar olmaq ondan yaxşıdır” deyə Ədilə Əflaki bildirib.

Geri qayıt