Əsas Səhifə > Şou-biznes > "Mənə olunan pislikləri ürəyimdə dəfn etmişəm"

"Mənə olunan pislikləri ürəyimdə dəfn etmişəm"


1-11-2021, 09:31
"Mənə olunan pislikləri ürəyimdə dəfn etmişəm"
Əməkdar artist Fərqanə Qasımova Moderator.az-ın suallarını cavablandırıb.

- Fərqanə xanım, bu günlərdə atanız Alim müəllimlə Moskvadan səfərdən qayıtmısınız. İstərdim söhbətimizə səfər təəsüratlarınızdan danışmaqla başlayaq.

- Bəli, Moskvada Çaykovski adına konservatoriyada Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd olundu. Qeyd edim ki, Alim müəllimlə mən həmin konservatoriyada 30 il bundan öncə Vasif Adıgözəlovun oxuduğu Qarabağ aratoriyasını bu dəfə oğlu Yalçın Adıgözəlovun dirijorluğu ilə oxuduq. Həmin konsertə Azərbaycandan da çox böyük sənətkarlar getmişdi, çox möhtəşəm konsert keçdi.

- Xarici səfərlərə necə hazırlaşırsınız?

- Səfərlərə hazırlaşmaq ən vacib işlərimizdən sayılır. Repertuar seçimləri və onları duet kimi hazırlamaq əlbəttə ki, çox diqqət və əziyyət tələb edir.

- Fərqanə xanım nəyi ürəyində dəfn edib?

- Ürəyimdə mənə olunan pislikləri dəfn etmişəm.

- Həyatınızda nə dəyişib? Nə əvvəlki kimi deyil?

- Həyatımda dəyişilən çox şey var, amma həyatıma doğan günəş əbədi sönməyən ümid işığıdır.

- İnsanlara neçə dəfə şans verirsiniz?

- İnsanları sevdiyim üçün və onlara səhvlərini anlamaq üçün çox şans verirəm.

- Qadın kimi xoşbəxtsiniz yoxsa ana kimi?

- Xoşbəxtlik insanın fitrətində ya olur, ya da olmur. Əsas odur insan kimi xoşbəxt olaq. Xoşbəxtlik hissi insanın ruhu ilə cismi arasında bir bağlantıdır.

- Ən çətin günlərinizdə ilk kimlərin dəstəyini görmüsünüz?

- Hər zaman çətin günlərimdə ilk böyük, mənəvi dəstəyi atamdan almışam. Bu hər zaman belə olub və belə də qalacaq.

- Övladlarınıza tez-tez nəyi aşılayırsınız?

- Övladlarıma aşıladığım çox şeylər var. Onlardan bir neçəsi də laqeyd, təhlükəli, ikiüzlü, riyakar, tənbəl olmasınlar deməyimdir.

- Hər zaman qalmaqallardan uzaq gəzmisiniz, hətta cəhd etsələr də sizi qalmaqala salsınlar amma buna nail ola bilməyiblər. Bunu necə bacarırsınız?

- Qalmaqal içində olmaq mənə görə reklam xüsusiyyəti daşıyır. Hər kəs öz həyatını evində, sənətini isə aşkarda göstərməlidir. Heç vaxt qalmaqallarda adım hallanmayıb çox şükür. Bu da mənim Allahıma, atama, anama, ailəmə, xalqıma, vətənimə olan hörmətimdən sayğımdan dolayıdır.

- Müsahibələrinizin birində bildirmisiniz ki, atamın evində kirayədə qalıram. Heç kim ağlına belə gətirə bilməzdi ki, şöhrətli bir xanəndənin problemləri də var. Ev probleminiz həll olunub?

- Mənim illərdir qazandığım qazancım ancaq 4 övladımın təhsili, onların digər problemləri üçün məsrəf olunub. Səfər qazancı toy qazancı kimi olmur. Bunu bilənlər bilir. Ona görə ev almaq ağlımdan keçə də bilməz. Amma atama çox minnətdaram ki, məni bu problemdən uzaq tutub, o evinin birini bizə verib, orada yaşayırıq.

Geri qayıt