Əsas Səhifə > Şou-biznes > “Zurna elə bir adətdir ki, hər an musiqiçini utandıra bilər”

“Zurna elə bir adətdir ki, hər an musiqiçini utandıra bilər”


21-10-2021, 10:33
“Zurna elə bir adətdir ki, hər an musiqiçini utandıra bilər”
Musiqi ruhun qidasıdır. Ruhumuzu xoş əhval-ruhiyyəyə kökləmək üçün çox vaxt musiqiyə qulas asırıq. Azərbaycan musiqisinin incəliyi, zənginliyi xanəndə və müğənnilərin ifası ilə yanaşı, instrumental ifaçılarımız tərəfindən də hər zaman təmsil olunub. İstedadlar diyarı olan Azərbaycanda bir yox, bir neçə musiqi alətində ifa etməyi bacaran musiqiçilər var. Elə müsahibimiz Məhərrəm Nəcəfzadə kimi.

Həyatının nə az, nə çox düz 40 ilini musiqi sənətinə həsr edən sənətçi Moderator.az-a müsahibə verib.

- Musiqiyə marağınız neçə yaşınızdan başlayıb və ilk dəfə hansı musiqi alətində ifa etmisiniz?

- Valideynlərim 1976-cı ildə məni ilk dəfə tar sinfinə yazdırdılar. Əslində məni nağaraya qoymaq istəyirdilər, sadəcə arıq, çəlimsiz bir uşaq idim, nağaranın da qabaritləri böyükdür. Fikirləşdilər ki, bəlkə də nağaranı daşıya bilmərəm. Amma müəllimlər də sonradan tar sinfində qalmağı məsləhət gördülər. Elə gün olurdu ki, durmadan 8-10-15 saat tar ifa edirdim.

- Sizin nəsil-Nəcəfzadələr həqiqətən də Azərbaycan incəsənətində, ələxsus da musiqi sənətində iz qoyublar. İstərdim bundan danışaq.

- Mənim qardaşlarım Abasqulu, İlham və Mehdi Nəcəfzadələr də bu sənətlə uzun illərdir məşğul olurlar. Mən də elə onlardan baxıb öyrənmişəm. Professor Abasqulu Nəcəfzadə və İlham Nəcəfzadə Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğuldurlar. Bizim evdə 300-dən çox musiqi aləti var, təvazökarlıqdan uzaq olsa da deyim ki, kamanlı alətləri çıxsaq hamısında ifa edə bilirəm. Mənə bəzən dost-tanış orkestr adam deyirlər. Bəzən sual verirlər ki, bir neçə alətdə övladım necə ifa edə bilər? Bunun üçün uşaqda fitri istedad olmalıdır.

- Qardaşlarınızla eyni sənəti bölüşürsünüz, aranızda bəzən qısqanclıq olur?

- Xeyr, bizim ailədə bu cür qısqanclıqlar olmayıb. Mən onlardan gizlin ifa etmişəm, bu istedadımı biləndə çox seviniblər. Bizim aramızda həmişə mehribanlıq olub. İndi də bəzən elə şənliklərində yaxud hansısa tədbirlərdə bir-birimizi əvəz edirik.

- 20-yə yaxın musiqi alətində ifa edirsiniz. Bu fitri istedaddır yoxsa qarşınıza məqsəd qoymuşdunuz?

- Buna həm fitri istedad demək olar, həm də məqsəd. Mən bizim virtuoz sənətkarımız Həsənağa Sadıqovu gördüm ki, bir neçə musiqi alətində ifa edir. Fikirləşdim ki, o ifa edirsə, mən niyə ifa edə bilməyim? Alətləri götürüb yavaş-yavaş ifa etməyə başladım. Ondan sonra sənətimdə dönüş yarandı. 1979-cu ildə Baba Mahmudoğlunun rəhbərliyi ilə “Dastan” foklor ansamblı yarandı. Mən də ora dəvət olundum. 1983-cü ildə ansamblımızın üzləri həri xidmətə yollandılar. Dedim ki, Baba müəllim mən sizə kömək edərəm. O illər biz bu ansambl ilə bir çox səfərlərdə olduq, konsert proqramlarında çıxış etdik.

- Bir neçə alətdə ifa etməyə can atanlar çoxdur?

- Bu alətlərin hər birinin ifasını hansısa tələbəyə öyrətmək çox çətindir, yenə deyirəm bu fitri istedaddır. Bunlara meyl olmalıdır. Hal-hazırda İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəriyəm, orada maraqlananlar çox olur, gənclər gəlib soruşurlar ki, biz necə bu qədər alətdə ifa edə bilərik? Mən də deyirəm ki, siz bu alətləri ən azından tanımalısınız.

- Bu musiqi alətlərindən hansında ifa etmək daha çətindir?

- Ümumiyyətlə asan musiqi aləti yoxdur. Amma daha çətinləri zurna və sitarda ifa etməkdir. Zurna elə bir alətdir ki, hər an musiqiçini utandıra bilər. Çünki qamışı elədir ki, çatlasa səs dəyişir. Bir də sitar alətində ifa etmək daha çətindir. Bu qədim Hindistan tarıdır.

Geri qayıt