Əsas Səhifə > Şou-biznes > "Ən azı elə bizim qədər sevinirlər bizim adımıza"

"Ən azı elə bizim qədər sevinirlər bizim adımıza"


20-10-2021, 09:28
"Ən azı elə bizim qədər sevinirlər bizim adımıza"
Həm Azərbaycanda, həm də Türkiyədə sevilən Xalq artisi Azərin Şanlıurfa sakinlərinə unudulmaz gecə bəxş edib.

Moderator.az xəbər verir ki, Şanlıurfa Böyükşəhər Bələdiyyəsi Azərbaycanın Xalq artisti Azərini Harran Universiteti Osmanbey Kampusunda Şanlıurfa xalqı ilə bir araya gətirib. Azərbaycanın müstəqillik günündə Şanlıurfada keçirilən konsertdə Xalq artisti Şanlıurfalılar üçün bir-birindən gözəl əsərlər səsləndirib. Konsertə həm böyüklər, həm də məktəblilər böyük maraq göstəriblər. Tamaşaçılar konsert boyu Türkiyə və Azərbaycan bayraqlarının dalğalandırıblar.

Xalq artisti Moderator.az-a açıqlamasında konsertlə bağlı bunları deyib:

"Müstəqilliyimizin bərpasının 30-cu ildönümünə qardaş Türkiyənin, qardaş Türk xalqının bu qədər dəyər verməsi çox qürurvericidir. Müstəqillik günümüz münasibətilə Türkiyədə bir sıra tədbirlərin təşkil olunması həm də qardaş sevgisinin, qardaş bərabərliyinin bir daha göstəricisidir. Düzdür, bizim hər hansı bir göstəriyə ehtiyacımız yoxdur. Görülməsi gərəkəni 44 günlük Vətən savaşında nəinki düşmənlərimiz, bizi sevməyənlər, bu qardaşlığı, bərabərliyi həzm edə bilməyənlər, bütün dünya gördü. Hər kəs şahid oldu Türkün gücünə. Amma bir millət, iki dövlət olaraq bu bərabərliyi, qardaşlığı hər zaman davam etdirməliyik. Türkiyə xalqı da zəfər çalmış qardaşının Müstəqilliyinin Bərpası Gününü elə zəfərə layiq ab-havada qeyd etdi. Ən azı elə bizim qədər sevinirlər bizim adımıza".

"Şanlıurfada konsertimiz əsl bayram əhvalında keçdi, tamaşaçılar mənimlə birlikdə ifa etdilər mahnıları. Konsertin sonuna qədər iki ölkənin bayraqları əllərindən düşmədi. Mənim üçün də bu konsertin böyük önəmi vardı, çünki artıq səhnəyə qalib ölkənin sənətçisi kimi çıxmışdım. Etiraf edim ki, qalib ölkənin vətəndaşı kimi ifa etməkdə böyük fərq varmış, artıq Qarabağımıza görə kədər, utanc hissi yaşamırsan, alnın açıq, üzün ağdır. Daha ürəkdən ifa edirsən, Qarabağ, Vətən, adları keçən əsərləri oxuyanda ürəyindən qara qanlar axmır, köksün dağa dönür. Artıq Azərbaycan bayrağını, Türkün bayrağını Qarabağdan asacağıq yox, asmışıq oxuyuruq, oxuyacağıq.
İndi səhnədə həm də qürrələnirsən. Cünki 30 ildən sonra ərazi bütövlüyünü bərpa etmiş, 44 günə tarix yazmış, dünya hərb tarixində silinməz iz qoymuş, haqqı bərqərar etmiş qalib Azərbaycanın vətəndaşısan. Bizlərə bu qüruru, bu fəxri, bu sevinci, bu qalibiyyəti bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm. Şanlıurfada möhtəşəm tədbirin təşkil olunmasına görə də Şanlıurfa Böyükşəhər Bələdiyyəsinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm" - deyə Xalq artisti vurğulayıb.




Geri qayıt