Əsas Səhifə > Şou-biznes > "Ən böyük arzularımdan biri olub ki..."

"Ən böyük arzularımdan biri olub ki..."


22-09-2021, 08:47
"Ən böyük arzularımdan biri olub ki..."
Bu gün uzun müddət fasilədən sonra Azərbaycanda pandemiya şəraitində ilk tamaşa nümayiş olunub. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşası Akademik Opera və Balet teatrının səhnəsində teatrsevərlərə göstərilib. Tamaşa Üzeyir Hacıbəyli 13-cü Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Tamaşada Məcnun obrazını əməkdar artist Elnur Zeynalov canlandırıb.

Uzun fasilədən sonra səhnəyə çıxan xanəndə sevinc hisslərini Moderator.az-la bölüşüb.

“Ən böyük arzularımdan biri olub ki, Məcnun rolunu oynayım. Bu tamaşa haqqında danışanda mən çox həyəcanlanıram. Çünki başlayandan bitənə qədər tamaşanın içərisində oluram. Mənim ailəm də bilir ki, bir həftə, 10 gün özümə gələ bilmirəm. Bu da həm musiqinin, həm də əsərin möhtəşəmliyindən irəli gəlir. Tamaşa bitsə də mən o dəqiqə səhnədən getmirəm. Ümumiyyətlə bu məndə adət halını alıb, yarım saat, 40 dəqiqə səhnədə otururam. Bu tamaşanı yenidən oynamaq böyük bir məsuliyyət idi. Çünki 2 il idi ki, biz səhnədən uzaq düşmüşdük. 2 il ərzində heç bir tədbir yox idi, evdə nə qədər məşq edə bilərdin?! Baş rejissorumuz Hafiz Quliyev pandemiya qaydalarına uyğun olaraq bir ay bizimlə məşq etdi. Səhnəyə çıxanda səhnə üçün nə qədər darıxdığımı hiss etdim. Həqiqətən bu gün böyük sevinc içərisində biz tamaşanı oynadıq. Düşünürəm ki, tamaşaçılarımız tərəfindən də sevildi. Tamaşaçılar da ara məsafəsi saxlamaqla əyləşmişdilər. 2014-cü ildən bu tamaşada Məcnun rolunu ifa edirəm. Hər dəfə yeni nələrsə yaranır tamaşada. Əlbəttə ki, asan obraz deyil, çətindir. İstər oxumağı, yerişi, duruşu, hərəkəti. Hər dəfə də ifa edəndə gözümün önünə ilk sevgi gəlir. Allah hər bir kəsin sevgisini sona qədər etsin. Hər bir kəsə Leyli və Məcnun sevgisi arzu edirəm, amma taleyi yox. Teatrın direktoru Akif müəllimə təşəkkürümü bildirirəm ki, bizə etimad göstərərək bu tamaşanı oynamağımıza təşəbbüs göstərib” deyə sənətçi bildirib.



Geri qayıt