Əsas Səhifə > Şou-biznes > “O qədər biabırçı şeylər paylaşılır ki, həyatda yaşamaqdan belə iyrənirsən...”

“O qədər biabırçı şeylər paylaşılır ki, həyatda yaşamaqdan belə iyrənirsən...”


20-09-2021, 11:05
“O qədər biabırçı şeylər paylaşılır ki, həyatda yaşamaqdan belə iyrənirsən...”
“Efir dediyin tərbiyəvi, əhəmiyyətli verilişləri yaymalıdır ki, insanlar baxsın maariflənsin, ordan yaxşı mənada örnək götürsün, öz həyatını qurmağı bacarsın. Əvvəllər biz Sovet dövründə elə bilirdik ki, heç kim ölmür, itmir, heç bir şey çərçivəsindən çıxmır. Hər şeyə ideal baxırdıq. Niyə baxırdıq, çünki onları elə ideal göstərirdilər. Hər şey əlçatmaz idi, sənətkar da, müəllim də, həkim də və sair”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Muğam ifaçısı efirlərimizdə yayımlanan bəzi verilişlərin cəmiyyətimizi korladığını bildirib:

“Amma indi elə bir vəziyyət yaranıb ki, hər kəsi ucuzlaşdırırlar, adiləşdirirlər, sadələşdirirlər. Düzdü, sadəlik gözəl şeydir, amma bunun o sadəliklə heç bir əlaqəsi yoxdur. Elə bir vəziyyət yaradırlar ki, bilməyənlər də öyrənir. Kriminal işləri öyrənirlər, qadınla pis rəfdarın yollarını öyrədirlər, bilməyənləri də oyadırlar ki, belə şeylər də var. Belə şeylər olmamalıdır, cəmiyyətimiz korlanır. Avropada o yolları bəlkə də 50-60 il öncə keçiblər və bu onlara heç nə verməyib. Heç nə də verməyəcək, çünki millətin mentaliteti, milli kimliyi, qədim adət-ənənəsi, yüksək mədəniyyəti, dili, dini onu yaşadır, kimliyini qoruyub saxlayır. Bizdə isə getdikcə bunlar itməyə başlayır. Bunlar itirsə, o deməkdir ki, özümüz itib gedəcəyik. Ailə dəyərləri elədir ki, onlar açılmamalıdır, göstərilməməlidir, evin içində olmalıdır, onu hər kəsə göstərməzlər. Nə yedin, nə içdin, hardan gəldin, hara getdin nə deməkdir ki, bunu insanlara göstərirsən. Qayınana-gəlin, kürəkən-qayınata, münasibətlərini ən pis formada gecə-gündüz efirdə səviyyəsiz şəkildə təbliğ edirlər.

Bunun örnək, nümunəvi tərəfini vermək lazımdır. Qoy o yeniyetmələrimiz, gənclərimiz bundan örnək götürsün, yaxşı mənada onlar kimi olmağa çalışsınlar. Mənim bildiyim budur. Musiqidə də, mədəniyyətdə də, ailə mövzularında da hətta əyləncəli proqramların özü səviyyəli olmalıdır. Ola bilsin ki, bəzi kanallar məndən küsəcək, efirə çağırmayacaqlar, özləri bilərlər. Ancaq bu həqiqətdir ki, bərbad vəziyyətdir. Ailə-məişət mövzuları kəskin formada efirə çıxmaz. Dövlətin polisi, məhkəməsi, prokuroru, hüquq-mühafizə orqanları var, nə lazımdırsa, özü etməyi bacarır. Kiminsə-kiminsə ailəsinə bilmədən kənardan durub müdaxilə edib, nəsə deməsini, müzakirə etməsini doğru saymıram. O qədər biabırçı şeylər paylaşılır ki, həyatda yaşamaqdan belə iyrənirsən. Düşünürsən ki, bu həyat niyə bu qədər çirkinləşdi, eybəcərləşdi. Bir sözlə, efirlərimizdə örnək götürməli olduğumuz proqramlar daha çox olmalıdır”.


Geri qayıt