Əsas Səhifə > Şou-biznes > "Hamı fikirləşir ki, məşhurları çağıraq verilişlərə, baxan olsun"

"Hamı fikirləşir ki, məşhurları çağıraq verilişlərə, baxan olsun"


17-09-2021, 08:41
"Hamı fikirləşir ki, məşhurları çağıraq verilişlərə, baxan olsun"
Aktrisa Xəyalə Quliyeva Moderator.az-ın suallarını cavablandırıb.

- Xəyalə xanım, yeni mövsümə necə hazırlaşırsınız?

- Bilirsiniz ki, artıq bir neçə mövsümdür ki, “Qız atası” serialında çəkilirəm. Bu serial Atv kanalında yayımlanır. Həm də paralel olaraq Xəzər televiziyasında “Komedixana” yumoristik səhnəciyindəyəm. Yeni mövsümdən isə Xəzər televiziyasında aparıcılığa başlayacağam.

- Uzun illərdən sonra aparıcı olaraq efirə qayıtmağınız sizin təşəbbüs idi?

- Əslində aparıcı təklifləri mənə hər zaman gəlib. Sadəcə olaraq ya kanal ürəyimcə olmayıb, ya da layihə. Ona görə də imtina etmişəm. “Seda Sayanla yemekteyiz” verilişinin Azərbaycan versiyasını edəcəyik. Düzdü bir neçə versiyada bunu ediblər. Son dəfə Atv-də etdilər, bu da tutmadı. İnşallah ki, bizimki uğurlu olacaq. Çünki yorulduq daha verilişləri məşhur simalarla çəkməkdən. Biz bu verilişi adi insanlarla edəcəyik, bəsdir daha ulduzları çəkdik!

- Həqiqətən də hansı kanalı açırsan məşhurlardır. Elə bil ki, bu ölkədə məşhurlardan, müğənnilərdən başqa heç kim yoxdur.

- O vaxt teleaparıcısı olduğum “Çəkirəm ha” verilişini də adi insanlarla edirdik. Ona görə də bu veriliş sevilirdi. Hamı fikirləşir ki, məşhurları çağıraq verilişlərə, baxan olsun. Amma hamı o qədər çağırır ki, camaat artıq o məşhurlardan doyub. Adi insanlar yarışacaq, onun qohum-əqrabası, yaxınları, dostları, tanışları baxacaq. Qoy verilən hədiyyələr də, uduşlar da adi adamlara getsin, məşhurların bunlara ehtiyacı yoxdur. Müğənnilərin artıq evinin içini hamı əzbər bilir.

- Onlar artıq bu gün tanınıblar deyə heç bəlkə də sizə, biz jurnalistlərə də ehtiyacları yoxdur.

- Tamaşaçıya da onlar artıq maraqlı deyil. Nə qədər baxa bilərlər? Adi insanlarla çəkmək, onların sadə mətbəxləri, ev-eşikləri mənim üçün daha maraqlıdır.

- O vaxt ATV kanalının ən tanınmış aparıcılarından biri olmusunuz. Bu gün bir neçə həmkarınız həmin kanalı tərk edib. Sizcə niyə?

- Kim yaxşı iş yerindən əl çəkər ki?! Səbəb var ki, ayrılırlar da. Bir yerdə ki, sənin üzünə yaxşı baxmırlar, kim orada qala bilər?! Bu yola verilməməkdən də, işi bilməməkdən də ola bilər.

- Bəs sizin aparıcı kimi Atv-dən getmə səbəbiniz nə olmuşdu?

- O vaxt “Çəkirəm ha” verilişinin müddəti bitdi, başqa layihə təqdim etmədilər, elə də qaldı. Prodakşınlarla işləməyin o tərəfi yaxşıdır ki, kanal məhdudiyyəti yoxdur. Serialım bir kanalda, verilişim isə bir başqa kanalda efirə gedir.

- Sizi həm də “Qız atası” serialından sevərək izləyirik. Ananızı oynayan Mətanət Əliverdiyeva sizi həqiqətən də döydüyünü bildirmişdi.

- “Mator” sözü deyiləndə Mətanət xanım hər şeyi unudur, başlayır bizi döyməyə (gülür). Əsas niyyətdir, biz bilirik ki, o bizi pis niyyətlə vurmur. Serialın uğur qazanmasının bir səbəbi də burada olan səmimiyyətdir. Bu mehribançılıq, səmimiyyət işə də yansıyır. Serialda qızım da çəkilirdi, amma bu mövsüm artıq o yoxdur.

- Bu günlərdə bir paylaşım etmişdiniz ki, “İnsanı yıxan yaxınlarıdır”. Nə baş vermişdi ki, bu statusu paylaşmışdınız?

- Heç nə baş verməyib. Hər zaman nə olursa, nə zərbə gəlirsə yaxınlardan gəlir də. Səni tanımayan, səndən uzaq gəzən adam sənin dərdini nə bilir? Bilən danışır, deyir də. Hətta deyərdim ki, yaxınlar sözü elə yıxanlar sözündən götürülüb.



Geri qayıt