Əsas Səhifə > Şou-biznes > "Deyə bilmərəm ki, hazırda bu sahədə hər şey əladır"

"Deyə bilmərəm ki, hazırda bu sahədə hər şey əladır"


14-09-2021, 08:47
"Deyə bilmərəm ki, hazırda bu sahədə hər şey əladır"
Milli Məclisin payız sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planına daxil edilib.

Xatırladaq ki, 10 il əvvəl - 2011-ci ilin sentyabrında da Milli Məclisin payız sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni qanun layihəsi qəbul edilmişdi. Qanun layihəsi tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müzakirə olunmuşdu və muğam sənətinin ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini müəyyənləşdirmək, azərbaycanlıların mədəni irsinin tərkib hissəsi olan və tarixən ifa etdikləri Azərbaycan muğamlarının hüquqi qorunması, öyrənilməsi, tətbiqi, tədrisi, təbliği və inkişafı ilə bağlı yaranan münasibətləri tənzimlənməsi məqsədi daşıyırdı.

Maraqlıdır, bu dəfə də muğam ustadları, bu sahəni tədqiq edənlər prosesə cəlb ediliblərmi? Muğam sahəsində hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Xalq artisti, muğam ustadı Mənsum İbrahimov “Yeni Müsavat”a danışıb. Xalq artisti qeyd edib ki, hələlik bu məsələ ilə bağlı ona müraciət olunmayıb:

“Öncə qeyd edim ki, parlamentdə ”Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında qanun layihəsinin müzakirəyə çıxarılması məsələsi çox təqdirəlayiqdir. Lakin hələ ki bu məsələ ilə bağlı şəxsən mənə heç bir müraciət olunmayıb. Düşünürəm ki, hələ payız sessiyasına müəyyən vaxt var və bu müddət ərzində bizə müraciət olunar. Əlbəttə ki, müraciət olunarsa, muğam ustadı kimi çox böyük məmnuniyyətlə iştirak edəcəm.

Çox sevindirici haldır ki, dövlətimiz muğam sənətinə hər zaman diqqət ayırır. Xüsusilə Heydər Əliyev Fondu muğama, bizlərə çox böyük diqqət, qayğı göstərib.

Muğam sahəsi dövlətimiz üçün çox mühümdür. Lakin deyə bilmərəm ki, hazırda bu sahədə hər şey əladır. Əlbəttə ki, problemlər var və öz həllini tapmalıdır. Düşünürəm ki, müzakirələr vaxtı problemlərə də toxunulacaq. Məsələn, gənc muğam ifaçılarının işlə təmin olunması, onların şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər var".

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də bu haqda yeni eşitdiyini bildirdi:

“Bununla bağlı xəbəri ilk sizdən eşidirəm. Lakin deyə bilərəm ki, son 10 ildə Azərbaycan muğam ifaçılığı, instrumental, həmçinin vokal, vokal instrumental sahəsi olduqca inkişaf etmiş, yüksək səviyyəyə çatmışdır. Rektoru olduğuma görə demirəm, lakin həqiqətən bu işdə Azərbaycan Milli Konservatoriyasının çox önəmli xidmətləri var. Konservatoriyada çalışan ifaçılar və onların tələbələri çox böyük nailiyyətlər əldə ediblər”.

Siyavuş Kərimi qeyd etdi ki, muğam ifaçıları son illərdə xeyli gəncləşib:

“Xeyli sayda gənc ifaçılarımız var ki, onlar muğamı çox yüksək səviyyədə təbliğ edir. Düşünürəm ki, bundan sonra da muğam sənətinin daha yeni istiqamətləri meydana gəlməkdədir və bu davam edəcək. Mən muğam sahəsinin bundan sonra daha çox inkişaf edəcəyinə inanıram”.

Xalq artisti Gülyaz Məmmədova da məsələdən xəbərdar olmadığını dedi:

“Muğam sənəti son illərdə çox inkişaf edib. Lakin son iki ildə pandemiya səbəbindən istedadlı gənc muğam ifaçıları öz istedadlarını təqdim edə bilmirlər.

Qeyd edim ki, bizim çox gözəl səsə malik gənc ifaçılarımız, muğam ocaqlarımız var, hamısı istiqamətli şəkildə inkişaf edir. Bu gün muğam kafedramızda da muğamla bağlı iclas keçirildi. Hər bu cür iclaslarda muğamla bağlı yeniliklər, digər məsələlər müzakirə olunur, məsləhətləşmələr aparılır, dərsliklər yenidən təhlil olunur, nələrsə əlavə olunur və sairə. Bizim milli sərvətlərimizdən biri də muğamdır. Biz onu mütləq qorumalıyıq.

Bildiyiniz kimi, illər öncə Gülyanaq Məmmədova ilə birlikdə “İndustrial muğam” yaradıb, oxumuşduq. Deyim ki, bu cür 7 muğam yaratdıq və ustadlar tərəfindən də təqdir olundu. Çünki muğama dəyməmişdik, amma gözəl yenilik etmişdik. İndi də müşahidə edirik ki, muğam daha da inkişaf edib, xarici ölkələrdən gələn ifaçılar muğam ustadları ilə birgə sintez edilmiş muğamlar oxuyurlar. Gənclərimiz də bundan bəhrələnir, ortalığa gözəl ifa çıxartmağa çalışırlar. İnanıram ki, muğam sənəti daha da inkişaf edəcək".



Geri qayıt