Əsas Səhifə > Şou-biznes > "Hər zaman dövlət olmuşuq, amma müstəqil ola bilməmişik...

"Hər zaman dövlət olmuşuq, amma müstəqil ola bilməmişik...


11-09-2021, 09:18
"Hər zaman dövlət olmuşuq, amma müstəqil ola bilməmişik...
“Artıq yeni mövsümü yaşayırıq, təbii ki, yeni mahnılar üzərində çalışıram. Hələ 5 il bundan əvvəl “Zəngəzur” adlı bir mahnı oxumuşdum. Bu mahnının sözlərini də özüm yazmışdım. Bildiyim qədərilə “Zəngəzur” adında ikinci mahnı oxuyan olmayıb. Hər zaman dövlət olmuşuq, amma müstəqil ola bilməmişik. Bu 44 günlük müharibədən sonra artıq müstəqilik. Müharibənin başlanmasının ildönümü yaxınlaşır, görün necə bir tarix yazmışıq. Bu tarix dillərə düşəcək, dastanlara dönəcək”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra əlavə edib.

“El şənlikləri dolanmaq üçündür, bu ayrı bir şeydir. Amma özünü dərk edən hər bir sənətçi bayağılıqdan uzaq qaçmalıdır. Müstəqil dövlətdə yaşayırıq, kiməsə “oxuma” deyə bilmərik. Qoy onlar da oxusun, oxuyurlar da. Xalq yaxşını pisdən ayırır onsuz da. Sən bu xalqın oğlusan, özündən sonra bir tarix qoymalısan. Əgər musiqiyə, sənətə bu cür yanaşmırsansa sən xalqa, dövlətə borcunu necə ödəyə bilərsən? Həmin müğənnilər çör-çöpdülər. Dənizdə olsalar da dərinə gedə bilmirlər, sahilə çıxırlar. İllər öncə oxuduğum nəğmələri bu gün də sevirlər, istər el şənliklərində, istərsə də efirlərdə məndən istəyirlər. “Bu qala daşlı qala”, “Elə bəndəm” mahnılarını mən yazmışam, amma xalq mahnısı kimi qələmə veriblər. Bu da Sovetlər birliyinin bizə vurduğu bir damğa idi. Hətta bir çox türk ölkələrinin sənətçiləri bu mahnını anonim adı ilə oxuyurdular. Təbii ki, bu mənim xətrimə dəyirdi, pis olurdum. Müəllif hüquqları da yox idi o vaxt. İndi belə şeylər moda düşüb, adicə kiminsə mahnısını yutuba qoyanda müəllif icazə vermir, şikayət edir” deyə sənətkar bildirib.

Niyaməddin Musayev sonda son günlər sosial şəbəkələrdə yayılan məmur videolarından da danışıb.

“Sözün düzü, bilmirəm ki, hansı məmurların videosu yayılıb. Maraqlanmamışam, həmin videolara baxmamışam, çünki texnikadan tam uzaqam. İnsandırlar da. Hər kəs bir cür formada özünü biruzə verir” deyə sənətkar bildirib.



Geri qayıt