Əsas Səhifə > Şou-biznes > "İstəsəydim müğənnilik sənətinə “rakkıdı-çıkkıdı” ilə də gələ bilərdim, amma istəmədim"

"İstəsəydim müğənnilik sənətinə “rakkıdı-çıkkıdı” ilə də gələ bilərdim, amma istəmədim"


16-08-2021, 13:01
"İstəsəydim müğənnilik sənətinə “rakkıdı-çıkkıdı” ilə də gələ bilərdim, amma istəmədim"
“Mən o vaxt müğənnilik sənətinə çox həvəslə, keyfiyyətli mahnılarla başlamışdım. İstəsəydim “rakkıdı-çıkkıdı” ilə də gələ bilərdim, amma istəmədim. Hətta klip də çəkdirmişdim. Mahnı seçimim və klipim qeyri-adi idi. Ard-arda mahnılar yazdırdım, bəyənənlər də olurdu, bəyənməyənlər də. O vaxt oxuyanda çoxu yazırdı ki, bu niyə oxuyur? Səsi yoxdur axı! İndi oxumuram, deyirlər ki, niyə oxumursunuz?”

Bunu Moderator.az-a açıqlamasında aktrisa Nərgiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

“Gördüm ki, bu oxumaqla pul qazana bilmirəm. Toylarda mənim mahnılarıma tələbat yox idi. Çünki tamaşaçının qarşısına səviyyəli repertuarla çıxırdım. Ancaq şou proqramlara gedirdim, ordan da cüzi qazanc əldə edirdim. O vaxt xınayaxdı mərasimləri də dəbdə deyildi. İndi maşallah hamı elə xınadan qazanır. Belə getsə ifaçılıq sənətinə yenidən başlayacağam ki, gedib toylardan pul qazanım (gülür). Müğənnilik sənətinin mənə ən böyük xeyri tanınmağım oldu. Həmin illərdə efirlərdə klip saatları var idi, hər müğənninin klipini efirdə göstərmirdilər. Mənim klipimi tez-tez yayımlayırdılar, hamı da oturub baxırdı. Bundan əlavə soyadım da tanınmağıma kömək oldu” deyə o bildirib.

Sənətçi bacısı, Xalq artisti Firəngiz Mütəllimovanın sənətindən yararlandığını da bildirib.

“O mənim bacımdır, istər-istəməz adı artıq üstümdədir. Həm də axı “Mütəllimova” soyadı özü hər şeyi deyir. Hamı deyir ki, Firəngizin bacısı! Oxuyanda da deyirdilər, seriala çəkiləndə də, elə indi də deyirlər. Amma bacımın adından heç vaxt istifadə etməmişəm, istifadə etsəydim Allah bilirdi haralardaydım? Sənətdən getməzdim, daha da qabağa gedərdim. Firəngizin xətrini hamı çox istəyir. Mən oxuyanda bildim ki, xalq onu necə sevir. Amma istedadından yararlanmışam. Hətta Firəngizi teatrda görüb, Teatrşünaslıq ixtisasına gedib qəbul olmuşam. O məndə teatra da həvəs yaratdı. Bir neçə il onunla birlikdə “Bacanaqlar” serialında da çəkildim. Allah hamıya onun kimi gözəl bacı qismət etsin” deyə sənətçi bildirib.

Sənətçi “Qəlbiniz hələ də boşdur?” sualına isə belə cavab verib.

“Pandemiya dövrüdür, özümü elə boşluqda hiss edirəm ki. Allaha dua edirəm ki, sən özün salamatlıq et, xalqımız, doğmalarımız sağlam yaşasın. Bir ölümə çarə yoxdur. Hər şey ürəyimizcə olsun. Qəlbim də boşdur, sevgi yoxdur! Ailə, sevgi qismətdir, bu insanın özündən asılı deyil. Ona görə də qismətə çox inanıram. Olar olar, olmaz da canımız sağ olsun” deyə sənətçi bildirib.


Geri qayıt