Əsas Səhifə > Şou-biznes > “Efirləri üzdəniraqlar zəbt ediblər, sənətdən xəbəri olmayanlar qarışqa kimi hər yeri basıb"

“Efirləri üzdəniraqlar zəbt ediblər, sənətdən xəbəri olmayanlar qarışqa kimi hər yeri basıb"


16-08-2021, 08:31
“Efirləri üzdəniraqlar zəbt ediblər, sənətdən xəbəri olmayanlar qarışqa kimi hər yeri basıb"
“Toylar olanda çox olmasa da, min şükür, ara-sıra dəvət olundum. Qazandıqlarım bu günki gündə əlimdən az da olsa tutur. Təbii ki, hərənin öz istəyəni var, kimə ehtiyac varsa onu da məclislərinə dəvət edirlər. Məni sevənlər elitadır. Buna çox şükür edirəm ki, mənim sənətimə qiymət verənlər yuxarı təbəqənin insanlarıdır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib. O daha sonra əlavə edib.

“Bu gün efirləri üzdəniraqlar zəbt ediblər. Onlara görə müğənni olmağıma peşman deyiləm, amma hardasa içimdə inciklik olur. Çünki sənəti olanlar arxa planda qalıb, hər şeyi pulla satın almaq olmaz. Əsl sənəti olanlar daha çox görünməlidir, sevənləri intizarda qalmamalıdır. Onsuz da sənətdən xəbəri olmayanlar qarışqa kimi hər yeri basıb. Təbii ki, günah onlara aşırı dərəcədə yol açanlardadır. Hər şey çərçivəsində olanda daha gözəldir. Sənətçi kütlə arxasınca getməməlidir, kütləni öz arxasınca aparmalıdır. Düzdür, bu gün zövqlər çox korlanıb, bayağı musiqilər və ifaçılar baş alıb gedir. Bu günki gəncliyimiz də belə bayağı musiqilərlə, ifaçılarla məhv olub gedir. Həm gənclərimiz, həm də musiqimiz, mədəniyyətimiz məhv olur” deyə müğənni bildirib.

O daha sonra yaşayış şəraitindən də danışıb.

“Sağ olsun millət vəkilimiz, əziz bacım Qənirə Paşayeva, evimizin təmir olunmasında bizə yardım etdi. Ona təşəkkürlərim sonsuzdur. Bir də əziz qardaşım Zaur Baxşəliyev sağ olsun ki, bu məsələni efirdə işıqlandırdı. Bu günümüzə çox şükür! Mən heç vaxt naşükür olmamışam, hər şeyə qane olan insanam. Bir də Allah kimə nə qismət yazıbsa odur, qismətdən artıq yemək olmaz. Evimin köhnə vəziyyətini yada salıb bu günümə şükür deyirəm. Mənə deyəndə ki, evin təmir olunub və təmirdən sonra ilk görüntüləri efirdə göstəriləndə çox sevindim! Gözlərimə inanmadım, şok oldum, ağladım. İnanmazdım ki, o evdən bu cür gözəl ev düzəldəcəklər” deyə müğənni bildirib.

Sənətçi yeganə övladından da danışıb.

“Mən heç vaxt istəməmişəm ki, o mənim sənətimi davam etdirsin. Çünki mən bu sənətdə çox haqsızlıqlarla üzləşmişəm. Elə indinin özündə də böyük haqsızlıqlar görürəm. Özü hansı sənəti sevərsə mən də canla, başla dəstək olacağam. Çünki hər bir valideynin arzusu övladını savadlı, xoşbəxt, bəxtəvər görməkdir. Əvvəl model olmaq istəyirdi, bu da ötəri həvəs idi. Amma indi Aviasiya Akademiyasına daxil olmaq istəyir. Allah bütün balaları qorusun, mənim balam da onların içində” deyə müğənni bildirib.


Geri qayıt