Əsas Səhifə > Şou-biznes > "Tamaşaçı kimin çəkdiyi filmə baxsın?"

"Tamaşaçı kimin çəkdiyi filmə baxsın?"


14-08-2021, 10:13
"Tamaşaçı kimin çəkdiyi filmə baxsın?"
Son illər daha çox “Heyf deyildimi əvvəlki filmlər”, “İndi elə filmlər çəkən yoxdur”, “Yeni çəkilən filmləri izləmirəm”- kimi fikirlər səslənir. Bəs görəsən əvvəlki filmləri daha baxımlı edən meyarlar nələrdir? Nə üçün yeni çəkilən filmlər onların yerini vermir?

Mözu ilə bağlı Xalq artisti İlham Namiq Kamal təəsüratlarını Moderator.az-a bölüşüb:

“Köhnə filmlər ona görə çox baxılır ki, həmin dövrdə daha çox filmlər çəkilirdi. Təsəvvür edin ki, dövlət dəstəyi ilə ildə 5 bədii, 6 televiziya filmi çəkilirdi. İndi isə dövlət sifarişi ilə çox az film çəkilir. Ondan başqa indi o dahi rejissorlarımız Hüseyn Hüseynzadə, Tofiq Tağızadə, Əjdər İbrahimov, Rasim Ocaqov, Eldar Quliyev yoxdur. Tamaşaçı kimin çəkdiyi filmə baxsın?

Film rejissor deməkdir, əgər rejissor varsa, film var. İndi Vaqif Mustafayev, Oqtay Qasımovdan başqa kimin, hansı rejissorların filmləri var? Vaqif Mustayevin başı uzun müddət televiziyanın daxili idarəetməsinə qarışdı, film yaddan çıxdı. Film çəkmək üçün rahat bir zaman lazımdır. O qədər problemlərin içində...

Təsəvvür edin ki, bu vaxtacan təhsilimizə və incəsənətimizə bu qədər zərbə dəyməyib. Yəni çox ağır bir dönəmdən keçirik. Bir müddət müharibə dövrü keçirdik, daha sonra pandemiya. Bütün bunlar qarışıq bir dövr yaratdı. İndiyə qədər çəkilən filmlərin əksəriyyəti rahat zamanlarda çəkilib. Belə bir çətin zamanda hansı rejissordan nə tələb edəsən?”.

İlham Namiq Kamal dövlət səviyyəsində çəkilən filmin maliyyəsinin yaxşı olduğunu və aktyorun heç bir qayğıya ehtiyacı olmadığını dedi:

“Biz o vaxt filmlərə çəkiləndə öz kostyumumuzda, corabımızda, qalstukumuzda çəkilməmişdik. Azərbaycan Kinostudiyası tərəfindən obraza uyğun geyim, aksesuarlar alınırdı. Həmin geyimlər elə Kinostudiyanın kostyum sexində saxlanılırdı. O geyimlərdən başqa filmlərdə də istifadə edilirdi. İndi isə film çəkiləndə aktyordan tələb edirlər ki, çəkilişə öz geyimində gəl. Öz paltarımızda çəkilən filmin nə effekti ola bilər? Mənə nə qədər filmlərdən təklif gəlib ki, filmdə bu obrazı canlandıracaqsınız, amma öz kostyumlarınızda. Niyə mən öz geyimlərimi korlamalıyam? O kostyumu sonra mənə kim alacaq? Əvvəllər bir filmə çəkiləndə oradan aldığımız qonorarla “Jiquli” maşın ala bilərdik. Hər şeyi də təşkilatçılar təmin edirdi. O film də uzun müddət yaşayırdı. Amma indi nə o qonorarı verirlər, nə də obrazının ehtiyaclarını təmin edirlər”.

Xalq artisti hazırda rejissor Rövşən İsaxın çəkdiyi “Yuxu kimi” serialını izlədiyini vurğuladı:

“Bilirəm ki, o serialın maliyyəsi yoxdur. Arzu edərdim ki, Rövşən İsax kimi, onun səviyyəsində olan rejissorlara dövlət hesabına filmlər sifariş edilsin. Bu rejissorlar nə qədər sponsor axtarsınlar?”.


Geri qayıt