Əsas Səhifə > Şou-biznes > "Elə rejissorlar var fikirləşir ki, lazım oldu-olmadı açıq-saçıq səhnələr olsun, “partladım...”"

"Elə rejissorlar var fikirləşir ki, lazım oldu-olmadı açıq-saçıq səhnələr olsun, “partladım...”"


6-08-2021, 08:15
"Elə rejissorlar var fikirləşir ki, lazım oldu-olmadı açıq-saçıq səhnələr olsun, “partladım...”"
“Çox sevinirəm ki, “Dönə bilsəm” verilişi bu mövsüm ərzində çox baxıldı və sevildi. Veriliş həm qonaqlarımız üçün, həm də tamaşaçılar üçün maraqlı məqamlarla yadda qaldı. Çox az verilişlər olur ki, mən o verilişlərə baxıram və deyirəm ki, kaş bu verilişin qonağı olardım. Öz verilişim olduğuna görə demirəm, amma mən “Dönə bilsəm”-in qonağı olmaq istərdim. “Yeni mövsümdən verilişin davam edib etməyəcəyinə hələ ki, qərar verməmişik, amma reytinqlər yüksək olduğuna görə yəqin ki, davamı olacaq”.

Bunu Moderator.az-a açıqlamasında aktrisa-aparıcı Zümrüd Qasımova deyib. O daha sonra filmlərdə açıq-saçıq səhnələrdən də danışıb.

“Açıq-saçıq rolları oynamaq hər bir aktrisanın şəxsi seçimidir. Hər bir sənətin olduğu kimi aktyor sənətinin də öz qayda-qanunları, məqsədəuyğunluqları var. Həkim sənəti ilə məşğul olan insan deyə bilməz ki, mən ancaq müalicə edirəm, əməliyyat etmirəm. Mən düşünürəm ki, artıq 21-ci əsrdə yaşayırıq. Əlbəttə ki, elə aktrisalar var ki, deyir mən açıq-saçıq səhnələrdə çəkilmərəm, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzi hallarda bu cür obrazlara çəkilməmək daha yaxşıdır. Çünki elə rejissorlar var fikirləşir ki, lazım oldu-olmadı açıq-saçıq səhnələr olsun, mən bununla “partladım”. Bu mənim üçün artıq maraqlı deyil. Böyük filmlərdirsə, labüddürsə olmalıdır. Məsələn, “Babək” filmi uzun illər bundan əvvəl çəkilib, orada da açıq-saçıq səhnələr var idi, bu da normal qarşılanmışdı. Digər başqa filmlərimizdə də belə səhnələr olub. Tamaşaçı filmə baxanda bunu film kimi dəyərləndirməlidir, onu oynayan aktrisanı qınaq atəşinə tutmamalıdır. Bu bir film idi, oynanıldı bitdi. O ki, qaldı mənə. Belə təkliflər gəlməyib.

Çox heyf ki, kino kariyeram çox zəifdir, teatrda daha çox uğurlu oldu işlərim. Çünki pis vaxta düşdük, daha gənc olanda kinolar çəkilmədi. İndi hər filmə də adam çəkilmək istəmir. Ciddi işlərdə çəkilmək istəyirəm. Bu günlərdə rejissor Səidə Haqverdiyeva “Köhnə çamadanlar” adlı bir film çəkəcək. Filmin çəkilişlərinə sentyabr ayının 10-dan start verəcəyik. Filmin mövzusu əlbəttə ki, Qarabağdır. Bu ekran işi Sosial Müdafiə Nazirliyi tərəfindən sifariş olunub. Filmdə sağlam aktyorlarla yanaşı fiziki məhdudiyyətli aktyorlar da rol alıb. Mənim də orada maraqlı bir rolum var” - deyə aktrisa bildirib.



Geri qayıt