Əsas Səhifə > Şou-biznes > "Bundan sonra filmlərdə çəkilməsəm də olar"

"Bundan sonra filmlərdə çəkilməsəm də olar"


31-07-2021, 08:57
"Bundan sonra filmlərdə çəkilməsəm də olar"
“Əvvəlki illərdəki kimi artıq heç nəyi planlaşdıra bilmirəm, çünki pandemiyadır, bu gündən sabaha ümid yoxdur. Yalandan deyə bilmərəm ki, istirahətimi planlaşdırıram. Həvəsimiz, vaxtımız olanda onsuz da bunu edirik. Məndə hər şey qəfildən alınır. 2 ilə yaxındır ki, hamı bu vəziyyətdədir. Çalışıram ki, özümü xəstəlikdən qoruyum”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

“Teatrımız, ikinci evimiz, səhnə, rollarım üçün çox darıxıram. Bütün tamaşalarım və obrazlarım üçün darıxmışam. Təsəllim isə tamaşa vaxtı və tamaşadan sonra çəkdirdiyim şəkillərdir. İnstaqramda həmin fotoları paylaşıram. Tamaşaçının nəfəsini hiss etmək üçün darıxmışıq. Balıq susuz yaşaya bilmədiyi kimi biz sənətçilər də teatrsız yaşaya bilmirik. O günü gözləyirəm desinlər ki, pandemiya bitdi, yenidən teatra gələ bilərsiz. Amma biz gözləməklə deyil axı. Hələ də bilinmir ki, sentyabr ayında işə necə başlayacağıq? Sıfırdan başlayacağıq yoxsa qaldığımız yerdən? Bu suallar hələ də cavabını gözləyir. Səbrsizliklə biz də gözləyirik də. İnşallah hər şey yaxşı olar, Allahın köməyi ilə” - deyə aktrisa bildirib.

Xalq artisti uzun illərdir filmlərdə çəkilməməsindən də danışıb.

“Nə yaxşı ki, “Bəyin oğurlanması” filmində çəkilmişəm, ona görə də tamaşaçılar məni filmlərdə görməsələr də heç cür darıxa bilməzlər. Çünki ən azı ayda 1 dəfə bu filmi bütün telekanallarımız göstərir. İndi fəxr edirəm ki, nə yaxşı ki, mən bu filmdə çəkilmişəm. Gör necə korifey sənətkarlarımız yer alıb filmdə. Bundan sonra filmlərdə çəkilməsəm də olar. Yəqin ki, hər bir aktyor-aktrisanın arzusu olardı ki, hər bir filmdə böyük sənətkarlarla çəkilsin. Mən də gənc yaşımda bu filmdə çəkilmişəm. Ona görə də çəkildiyim filmlərdən sonra belə bir film dəvəti gəlsə böyük məmnuniyyətlə qəbul edərəm. Sonuncu dəfə “Qala” filmində çəkilmişəm. İnşallah bizim “Azərbaycanfilm” kinostudiyası başlayar filmlərin çəkilişinə, mən də böyük məmnuniyyətlə həmin filmlərdə çəkilərəm” - deyə aktrisa bildirib.


Geri qayıt