Əsas Səhifə > Şou-biznes > "Heç bir xalqın ixtiyarı yoxdur ki, "Yallı"nı öz adına çıxarsın"

"Heç bir xalqın ixtiyarı yoxdur ki, "Yallı"nı öz adına çıxarsın"


5-06-2021, 09:20
"Heç bir xalqın ixtiyarı yoxdur ki, "Yallı"nı öz adına çıxarsın"
“Heç bir xalqın ixtiyarı yoxdur ki, "Yallı"nı öz adına çıxarsın. Çünki yallılarımızın melodiyaları demək olar ki, bizim ladlarımızın üstündə qurulub. Bizim şur, segah, rast, bayatı-şiraz ladımız var. Bu başqa millətə məxsus ola bilməz. Demək olar ki, ilk xareoqrafiyamızın mənbəyi yallılardan başlayır. Yallılarımızın tarixi min illərə gedib çıxır, onlar xalqımızın mərdliyini, birliyini göstərən rəqs nümunəsidir”

Bunu Moderator.az-a açıqlamasında əməkdar mədəniyyət işçisi, musiqişünas, ustad tarzən Əkrəm Məmmədli deyib. O yallıları nota köçürərək, nəşr edib. Onun kitabında Azərbaycan yallılarının yayılma trayektoriyası da öz əksini tapıb. Ustad sənətkar oğlu ilə birlikdə yallılarımızın tarixini araşdırmağa başlayıb. Araşdırma nəticəsində Əkrəm Məmmədli 92 yallını ortaya çıxarıb və onları nota alıb.

“Bir gün oğlum Kənanla söhbət etdik ki, gəl biz bu yallıları başlayaq işləməyə. Yallıları işlədikcə baxdıq ki, çoxdur. Əsasən bunun mərkəzi Naxçıvanın Şərur rayonuna gedib çıxır. El-el, oba-oba gəzərək oğlumla başladıq Naxçıvanda olan yallıları toplağama. Bununla da kifayətlənməyib daha geniş ərazilərə də gedib çıxdıq. Urmiya vilayətinin Maku tərəfində olduq, Sulduzdan, Urmiyanın özündən yallılar tapdıq. Maku bizim Şərur rayonumuzla eyni istiqamətdədir, demək ki, bunlar hamısı Şərurdan gəlir. Biz Ərzurum şəhərində də olduq, orada bir toya şahidlik etdik, hətta gördük ki, toyda Tənzərə yallısı oynanılır. O toy yiyəsindən soruşduq ki, bu bizim yallılardır, o da dedi ki, biz Naxçıvandan köçmüşük, demək ki, onlar orda da yallıları yayıblar. Biz yallıları musiqiçilər, yallısevərlər vasitəsilə toplamışıq” deyə Əkrəm Məmmədli bildirib.

Müsahibimiz deyir ki, yallıları oba-oba gəzib təqdiqat edərkən ifa etdiyi alət, uzun illərdir sadiq dostuna çevrilmiş tar aləti də ona böyük köməklik göstərib.

“Axı yallı musiqi və rəqsin vəhdətindən yaranıb. Tar musiqi alətinin o köməyi oldu ki, yallılarımız bizim muğamlarımızın üzərində köklənib. Tar musiqi alətində mən muğamı bilməsəydim bilməzdim ki, hansı yallı hansı muğam üzərindədir. Tədqiqat apararkən bir çox əraziləri gəzirik, hər hansısa musiqini öyrəniriksə fortepianonu özümüzlə apara bilmərik axı. Tar uzun illərdir sadiq dostuma çevrilib. Oğluma deyirdim ki, gətir tarı, görək kənd adamları nə zümzümə edir bizə. Qeydiyyatımızı aparırdıq, daha sonra yallıları tapırdıq. Tar xalqın milli musiqisini ifa etməyə daha yaxşı köməklik edir. Bundan əlavə 14 muğama da əlavələr edərək, onları nota almışam. Yallı xalqımızın birliyi ilə ifadə olunan kütləvi rəqsdir. Bir, yumruq olub, Ali Baş Komandanın köməyi ilə torpaqlarımızı işğaldan azad etdik. İnşallah tədqiqatlarım sayəsində araşdırdığım yallıları Şuşada, Cıdır düzündə oynamaq hamıya, xüsusilə də mənə qismət olsun. Düşmənlər sonra izləsinlər ki, yallı necə olur və kimə məxsusdur” deyə Əkrəm Məmmədli bildirib.

Geri qayıt