Əsas Səhifə > Şou-biznes > "O uzun illərdən sonra Bəstəkarlar İttifaqının binasını bizə qaytardı"

"O uzun illərdən sonra Bəstəkarlar İttifaqının binasını bizə qaytardı"


20-05-2021, 10:06
"O uzun illərdən sonra Bəstəkarlar İttifaqının binasını bizə qaytardı"
"Çox təəssüf ki, xəstələndiyim üçün Xarıbülbül festivalında iştirak edə bilmədim. O qədər arzuladım, o qədər gözlədim ki, heç qismət olmadı mənə. Səhhətimlə bağlı olaraq 10 saat avtobusla Şuşaya getmək mənim üçün çətin idi. Amma buna baxmayaraq televiziyada dönə-dönə izlədim, onlarla birlikdə ağladım, sevindim, əl çaldım. Hər şeydən xəbərim var, ora gedənlərdən də soruşmuşam, təsüratlarını mənimlə bölüşüblər"

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. İttifaq sədri daha sonra əlavə edib.

"Keçən il mayın 8-də ermənilər Cıdır düzündə konyak içib, sərxoş halda yallı gedirdilər, amma biz bu il həmin yerdə, möhtəşəm Cıdır düzündə Xarıbülbül festivalı keçiririk. Bizim yanaşmamız çox fərqlidir, elə mədəniyyətimiz də. Mən festivalda Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin ifasını da gördüm. Yadımdadır, həmin 11 xalqın nümayəndələrinin ifaları ilk dəfə bizim təşkilatçılığımızla Şəkidə keçirilən İpək yolu Beynəlxalq musiqi festivalında sərgilənmişdi. Biz onlarla çalışdıq, məşqlər apardıq, nəticədə çox möhtəşəm bir tədbir oldu. Sonda da Azərbaycan mahnısını ifa etdilər. Ali Baş Komandan, cənab prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya bu möhtəşəm festivala görə hamımız təşəkkür edirik. Onların sənətə, sənət insanlarına olan diqqət və qayğısı özünü bir daha bu festivaıda da göstərdi. Onu da deyim ki, cənab prezident İlham Əliyev Bəstəkarlar İttifaqına hər zaman xüsusi diqqət sərgiləyib. O uzun illərdən sonra Bəstəkarlar İttifaqının binasını bizə qaytardı. 1-2 ilə Bəstəkarlar İttifaqının 90 illiyi olacaq, biz artıq öz yaşlı üzvlərimizə neçə ildir ki, təqaüd də veririk" deyə Xalq artisti bildirib.

"Yəqin ki, bundan sonra ən böyük arzunuz İpək yolu Beynəlxalq musiqi festivalının Şuşada keçirilməsidir" sualına Firəngiz Əlizadə bu cür cavab verib.

"Artıq iki ildir ki, pandemiya ilə əlaqədar olaraq bu festival keçirilmir. Bir burada müxtəlif xalqların folklor nümunələrini dinləyicilərə çatdırırdıq. Bu festival bərpa olunsa, onu nə vaxt, necə, harada keçirəcəyimizə mən qərar verə bilmərəm, bu bizim işimiz deyil. Harada məsləhət görsələr orada da keçirəcəyik. Biz də öz növbəmizdə kollektivimizlə tam hazırıq" deyə müsahibimiz bildirib.

Firəngiz Əlizadə bildirib ki, Bəstəkarlar İttifaqı "Azərbaycan bəstəkarlarının zəfər çələngi" adlı vətənpərvər müsabiqəyə də start verib.

"Biz bu müsabiqəni Mədəniyyət Nazirliyi və Bakı Musiqi Akademiyası ilə birgə həyata keçiririk. Söhbət yazılacaq olan simfonik əsərlərdən gedir. Musiqi elə bir möcüzədir ki, o sifarişə baxmır. İlham pərisi kimə gəlsə, kim yaxşı əsər yazsa təbii k, qalib də o olacaq. Hələ ki, müsabiqə haqda danışmaq çox tezdir, çünki əsərlər oktyabr ayına kimi qəbul olunacaq" deyə o bildirib.


Geri qayıt